İyunun 27-də Bakıda Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Türkiyə Respublikasının xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin ilk üçtərəfli görüşü keçirilib.
 
AZƏRTAC xəbər verir ki, üçtərəfli görüşün yekununda birgə Bakı Bəyannaməsi imzalanıb. Qeyd olunub ki, Bakı Bəyannaməsi həm üç ölkə arasında nəqliyyat və kommunikasiya sahəsində işbirliyini gücləndirəcək, həm də ölkələrimizin tranzit potensialının genişləndirilməsinə töhfə verəcək. Üç ölkənin birgə ardıcıl səyləri ilə yeni yaradılan üçtərəfli format həm regional, həm də daha geniş səviyyədə təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın gücləndirilməsi baxımından effektiv mexanizm kimi özünü doğruldacaq.
 
Görüşdə çıxış edən Azərbaycanın Respublikasının xarici işlər naziri Ceyhun Bayramov üç qardaş ölkənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci görüşünün əhəmiyyətindən danışıb. Qeyd edilib ki, bu görüş həm ikitərəfli, həm də çoxtərəfli platformalarda yüksək səviyyədə tərəfdaşlıq münasibətlərini bölüşən üç ölkənin nəqliyyat və bağlantılar sahəsində əməkdaşlığının daha da genişləndirilməsi imkanlarının müzakirəsinə şərait yaradıb.
 
"Müzakirələr zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsinə, bu istiqamətdə mövcud olan yük daşımalarına diqqət yetirdik. Mövcud problemlər, dar boğazların aradan qaldırılması istiqamətində bu coğrafiyada nəqliyyat və kommunikasiya əməkdaşlığımızın genişləndirilməsi istiqamətlərinə xüsusi nəzər saldıq, digər tərəfdən çox maraqlı yeni dəyərli fikirlər və təkliflər səsləndirildi", - deyə xarici işlər naziri Ceyhun Bayramov diqqətə çatdırıb.
 
O bildirib ki, Azərbaycan, Türkiyə və Qazaxıstan arasında növbəti üçtərəfli görüş Qazaxıstanda keçiriləcək.
 
Sonra çıxış edən Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı deyib ki, Orta Dəhlizin rolunu gücləndirmək üçün Transxəzər vasitəsilə tranzit daşımaların daha da inkişafı və asanlaşdırılması məqsədilə işlər görüləcək. O, "Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu da daxil olmaqla, Orta Dəhlizə əlavə həcmdə yüklərin cəlb edilməsinə yönəlmiş əməkdaşlıqda əldə edilən nailiyyətlərin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
 
Qazaxıstanın xarici işlər naziri bildirib ki, nəqliyyat və informasiya-kommunikasiya infrastrukturlarının, o cümlədən BTQ dəmir yolu xəttinin inkişafı ilə qarşılıqlı əlaqələrin daha da intensivləşdirilməsi önəmlidir.
 
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışında üç qardaş ölkə arasında əlaqələrin inkişafınin region üçün əhəmiyyətindən danışaraq deyib: "Üçtərəfli görüşün əhəmiyyəti olduqca vacibdir. Bu cür görüşlər yeni imkanlar yaradır. Azərbaycan və Türkiyə arasında bütün sahələr üzrə əlaqələr inkişaf etdirilir. Azərbaycanla enerji sahəsində imkanları daha da genişləndirmək istəyirik".
 
Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdıran Mövlud Çavuşoğlu qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində türkün gücünü bütün dünyaya göstərdi.
 
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur.
 
Hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı təhdidlərin artdığı bir şəraitdə üç ölkənin nəqliyyat və bağlantılar sahəsində əməkdaşlığının gücləndirilməsi regional səviyyədə risklərin və çağırışların qarşısının alınması və azaldılması baxımından böyük əhəmiyyət kəsb edir.
 
Azərbaycan, Qazaxıstan və Türkiyə arasında sıx ikitərəfli əməkdaşlıq mövcuddur, habelə bu dövlətlər regional əməkdaşlıq kontekstində, o cümlədən Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirirlər. Nəqliyyat və kommunikasiya sahələri ölkələrimiz arasında regional iqtisadi əməkdaşlığın təməl daşlarından biridir.
 
Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əlverişli coğrafi mövqe sözügedən üç dövləti Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirir. Azərbaycan, Qazaxıstan və Türkiyə, həmçinin Xəzər dənizi - Qara dəniz əməkdaşlığının gücləndirilməsində əsas rol oynayırlar. Bu baxımdan həmin ölkələr arasında, habelə dövlətlərin ərazilərindən keçməklə ticarət potensialından tam istifadə edilməsi üçün effektiv nəqliyyat və kommunikasiyanın olması vacibdir.
 
Nəqliyyat bağlantısı məsələsi Azərbaycanın milli iqtisadi inkişaf gündəliyində hər zaman mühüm yer tutub. Magistral avtomobil yolları, dəmir yolu və sərhəd infrastrukturu, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artan tranzit axınını qarşılamaq üçün səmərəli imkanlar yaradır. Ölkələrimizin təşəbbüsü və dəstəyi ilə tranzit imkanlarının artırılmasına və hər üç ölkə tərəfindən tranzit daşımalarda fəal istifadə olunmasına yönəlmiş beynəlxalq nəqliyyat və kommunikasiya infrastrukturu layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirilib.
 
Hər üç dövlət tranzit potensialının artırılmasında “Transxəzər Şərq-Qərb Orta Dəhliz” - Azərbaycan, Qazaxıstan və Türkiyə ərazilərindən keçən multimodal nəqliyyat marşrutuna xüsusi önəm verir. Orta Dəhlizə əlavə həcmdə yüklərin cəlb edilməsi üçün birgə səylər gücləndirilməlidir. Məhz bu baxımdan üçtərəfli əməkdaşlıq çox aktualdır, çünki son regional hadisələr Asiya və Avropa arasında ticarət üçün Orta Dəhlizin əhəmiyyətinin artdığını açıq şəkildə nümayiş etdirir.
 
Orta Dəhlizin tərkib hissəsi kimi Zəngəzur dəhlizinin əhəmiyyəti və perspektivləri böyükdür. Bu dəhliz Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi çərçivəsində daha yaxşı bağlantını artırmaq potensialına malikdir və Qazaxıstan-Azərbaycan-Türkiyə nəqliyyat marşrutu üzrə daha qısa əlaqəni təmin edir. Dəhlizin tez bir zamanda işə salınmasını təmin etmək üçün bu prosesdə bütün tərəflərin öhdəliklərini yerinə yetirməsi vacibdir.

Baxış sayı: 4720 | Tarix: 27.06.2022
Bizi Telegramda izləyin: @repostaz