Bakıda binaların divarlarına dini məzmunlu anti-təbliğat yazıları yazan 18 yaşlı oğlan tutulub.
RePost.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşları Atatürk prospekti 62A və digər ünvanlarda binaların divarına siyasi-dini məzmunlu "Vəhabilərə Lənət", "Allahı söyən qeyrətsizdir", "Hicaba azadlıq", "İsrail məhv olacaq" kimi şüarlar yazan şəxsi müəyyən ediblər.
Belə ki, polis əməkdaşları anti-təbliğat yönümlü yazılar yazmış və əlində qara rəngli dezodarant formulalı boya olan bir nəfər şəxsi görüb ona yaxınlaşıblar. Polislər özlərini təqdim etdikdən sonra həmin şəxsi Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət ediblər. Lakin həmin şəxs polis əməkdaşlarına müqavimət göstərərək onlarla mübahisə etməyə başlayıb və heç bir qanuni tələbə məhəl qoymayaraq bölməyə getməkdən imtina edib. Bundan sonra polis əməkdaşları həmin şəxsi Binəqədi RPİ-nin 5-ci PB-nə gətiriblər və bölmədə onun Zəngilan rayon Əmirxanlı kənd sakini, 2004-cü il təvəllüdlü Sadiq Buludov (şərti ad-soyadlı) olması müəyyən edilib. Onun sosial şəbəkələrdə də radikal formada dini məzmunlu paylaşımlar etməsi məlum olub.
Polis bölməsində 18 yaşlı S.Buludov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və o, Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Sadiq Buludova 1 ay müddətinə həbs cəzası verilib.