"Hazırda Bakı şəhərində 37 min 462 uşaq bağçada təlim-tərbiyə alır ki, bu da ümumi tələbatın 34, 64 faizinin ödənilməsi deməkdir".
 
RePost.Az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Birinci vitse–prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə deyib.
 
"Bakı şəhərində məcburi köçkün statusunda məskunlaşmış soydaşlarımızın sayı qeydiyyatda olanlar və olmayanlarla birlikdə 217 min 118 nəfərdir. Bakı şəhəri ərazisində təhsil və təlim-tərbiyə müəssisələrində məskunlaşmış məcburi köçkünlərin sayı 8666 nəfərdir ki, onların da 3345 nəfəri uşaq bağçalarında yerləşiblər. Əgər onların hazır mənzillərə köçürülməsi təmin edilərsə, yaranan əlavə yerlər hesabına 8320 uşağın bağçaya qəbulunu təmin etmək mümkün olar. Hazırda Bakı şəhərində 37 min 462 uşaq bağçada təlim-tərbiyə alır ki, bu da ümumi tələbatın 34, 64 faizinin ödənilməsi deməkdir. Xatırladım ki, 2012-ci ildə Sizin təşəbbüsünüzlə uşaq bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilərkən bu rəqəm yalnız 18 faiz idi", - deyə Bakı şəhərinin meri bildirib.
 
Onun sözlərinə görə, hazırda Bakı şəhərində Heydər Əliyev Fondu tərəfindən yeni tikilmiş 3 tədris korpusu və dövlət tərəfindən həyata keçirilmiş əsaslı təmir və yenidənqurma işləri sayəsində 67 məktəbəqədər təhsil müəssisəsinin yeni tikilmiş bağçalar və tədris korpusları daxil olmaqla fəaliyyətə başlaması üçün standartlara uyğun lazımi şərait yaradılıb. Lakin hələlik maliyyə vəsaitinin ayrılmaması ilə əlaqədar olaraq yeni tikilmiş bağçaların və tədris korpuslarının, eləcə də 8320 uşaq qəbul edəcək qrupların fəaliyyətə başlaması mümkün olmayıb.
 
"Əgər hazırda təmir edilmiş uşaq bağçalarındakı boş qrupları və köçürüləcək məcburi köçkünlər hesabına yaranmış boş yerləri nəzərə alsaq, bu gün uşaq bağçalarına əlavə 11 min 570 uşaq qəbul oluna bilər. Bu isə bağça yaşına çatan uşaqların 45,4 faizi deməkdir. Bununla belə, hazırda yeni inşa edilmiş, eləcə də son illərdə əsaslı təmir və yenidənqurma işləri aparılmış məktəbəqədər təhsil müəssisələrində və tədris korpuslarında standartlara tam cavab verən və lazımi şəraiti olan qruplarda tədris və təlim-tərbiyə prosesində heç bir maneçilik törətmədən 20 əvəzinə 25 uşağın təlim-tərbiyəsi üçün tam imkanlar yaradılıb", - deyə o bildirib.
 
Mer qeyd edib ki, yeni tikilmiş, yüksək səviyyədə təmir olunmuş, genişləndirilmiş və hər cür imkanlara malik uşaq bağçalarında qrupları genişləndirməklə, əlavə olaraq 9915 uşağın təlim-tərbiyə almasına qəbuluna şərait yaratmaq olar:
 
"Bu, ümumi tələbatın 49,5 faizini ödəyə bilər. Əgər məcburi köçkünlərin köçürülməsi hesabına boşalmış yerləri də 25 nəfərlik qruplar standartına uyğunlaşdırsaq, hazırkı tələbat 34,64 faiz əvəzinə 55,3 faizi təmin olunar. Çox da böyük əlavə vəsait sərf olunmadan qənaət hesabına məsələnin bu yolla həlli həm də bağçalarda qayda-qanunun daha yüksək səviyyəyə çatdırılması, eyni zamanda, məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində irəliləyişə nail olunması deməkdir".
 
"Aparılmış təhlillər nəticəsində məlum olub ki, Bakı şəhərində mövcud dövlət məktəbəqədər təhsil müəssisələrində qruplar üzrə uşaq sıxlığı normalarının 5 nəfər həddinə qaldırılması, o cümlədən yeni inşa edilmiş uşaq bağçalarının və tədris korpuslarının, eləcə də məktəbəqədər təhsil müəssisələrində həyata keçirilmiş əsaslı təmir və yenidənqurma işləri ilə bağlı standartlara uyğun tam şərait yaradılmış əlavə qrupların fəaliyyətə başlaması nəticəsində təxmini hesablamalara görə, Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrinə əlavə 18 min nəfərə yaxın uşağın qəbul edilməsi mümkün olacaq. Bu isə, öz növbəsində, mövcud problemin operativ və effektiv həllinə imkan yaratmaqla yanaşı, bağçalarda təlim-tərbiyə alan uşaqların gündə dörd dəfə yüksəkkeyfiyyətli yeməklə təmin edilməsinə, Bakı şəhərində yaşayan 18 min aztəminatlı ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq. Eyni zamanda, məsələnin bu formada həlli dövlət tərəfindən əlavə olaraq 141 uşaq bağçasının tikilməsi və yaxud 210 milyon manat dövlət vəsaitinə qənaət olunması deməkdir.
 
Qeyd edilənləri və Bakı şəhərində vətəndaşların məktəbəqədər təhsil müəssisələrinin xidmətlərinə duyulan zəruri ehtiyacları nəzərə alaraq, gələcəyimiz olan uşaqların intellektual və fiziki inkişafını, onların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək üçün Bakı şəhərində uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmasının sürətləndirilməsi məqsədilə əlavə qrupların fəaliyyətə başlamasına kömək göstərməyinizi sizdən xahiş edirik, - deyə Hacıbala Abutalıbov bildirib.
 
RePost.Az

Baxış sayı: 3447 | Tarix: 10.03.2017
Bizi Telegramda izləyin: @repostaz