Gürcüstanın azərbaycandilli məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilk dəfə ana dilində imtahan verib.
Tbilisidə yaradılan imtahan mərkəzində keçirilən imtahanda 380-ə yaxın müəllim iştirak edib.
İmtahandan uğurla keçmək üçün maksimal 70 balın 43-nü (60%) toplamaq tələb olunur. Bu tələbi yerinə yetirəcək müəllimlər statuslarını artırmaqla yanaşı daha yüksək əməkhaqqı ala biləcəklər.
İmtahan prosesi ilə tanış olan Gürcüstanın təhsil və elm nazirinin birinci müavini Tamar Maxaraşvili bildirib ki, qeyri-gürcü dilli müəllimlərin indiyədək ana dilində imtahan vermək imkanı olmayıb və bu da onları digər müəllimlərlə müqayisədə qeyri-bərabər vəziyyətə salırdı: “Lakin Təhsil və Elm Nazirliyinin səyləri nəticəsində bu məsələ tam həll olunub və imtahandan uğurla keçəcək müəllimlər statuslarını dəyişəcək və bu da onların əməkdaqlarının artmasına səbəb olacaq”.
Qeyd edək ki, imtahan üçün sual bankının hazırlanması prosesinə Azərbaycanın Dövlət İmtahan Mərkəzi Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzi ilə əməkdaşlıq çərçivəsində cəlb edilib.