"Əziz dostlar, Anar adlı bir tovuzlunun mənim qohumum olduğunu iddia edərək müxtəlif şəxslərdən işə düzəltmək adı ilə pul istəməsi və ya alması barədə mənə məlumat daxil olub".
RePost.Az-ın məlumatına görə, bu barədə millət vəkili Qənirə Paşayeva Feysbuk hesabında yazıb. O bildirib ki, nəinki onun bu adda qohumu və ya işçisi var, ümumiyyətlə, həmin adamla heç bir əlaqəsi yoxdur:
“Sabah bu məsələ ilə bağlı, adımdan bu cür çirkin məqsədlər üçün istifadə edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Bu şəxsin qurbanı olan insanlar mənə yaza bilərlər. Mən həmin müraciətləri də hüquq-mühafizə orqanlarına göndərib araşdırılmasını xahiş edəcəm. Adımdan çirkin məqsədlər üçün istifadə edilməsi məni çox üzdüyü qədər də narahat edir. Xahiş edirəm mənim adımdan bundan sonra da istifadə edərək kimlərsə sizdən işə düzəltmək adı ilə pul və ya maddi şeylər tələb etsə, mütləq bizə - Milli Məclisə məktubla müraciət edin, buradan yazın və ya 0124372930 nömrəsinə zəng edərək köməkçim Məhəbbət xanıma məlumat verin ki, bu cür dələduzlarla bağlı tədbir görə bilək”.
Q.Paşayevanın sözlərinə görə, artıq üçüncü dəfədir ki, kimlərsə onun adından bu cür məqsədlə istifadə edir:
“Hər dəfə hüquq-mühafiqə orqanlarına müraciət edərək tədbirlər görülməsini xahiş etmişik. Eyni zamanda, bütün idarə və qurumlara xahiş edirəm ki, mənim adımdan kimlərsə sizə hansısa xahişlə müraciət edərsə, inanmayın. Biz vətəndaşlarımızın bizə rəsmi müraciətləri əsasında məktubla, imzayla rəsmi qurumlara müraciət edirik və ya şəxsən mən özüm həmin qurumların rəhbərlərinə zəng edərək məsələləri onların diqqətinə çatdırıram”.