Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi davam edir. İyulun 21-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” çəhərciyindən növbəti köç karvanı yola salınıb.
 
Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 48 nəfər – 10 ailə yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinın həcmi nəzərə alınıb. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır.
 
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
 
Ağalı kəndinə köçürülmə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında, ardıcıl şəkildə davam etdiriləcəkdir.

Baxış sayı: 4587 | Tarix: 21.07.2022
Bizi Telegramda izləyin: @repostaz