İsveçdə keçmiş nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları”nın keçmiş rəhbərliyinin ətrafında iri korrupsiya qalmaqalı qızışmaqdadır. Bu ölkənin korrupsiyaya qarşı mübarizə üzrə milli şöbəsi məşhur Kanada şirkəti olan “Bombardier”in İsveç törəməsinin bir neçə əməkdaşını saxlayıb.
 
2013-cü ildə şirkət “Azərbaycan Dəmir Yolları” (ADY) üçün avadanlıq təchizatı üzrə iri tenderin qalibi olub. Söhbət Bakı-Böyükkəsik dəmiryolunun avtomatlaşdırma və siqnalizasiya sistemlərinin yenilənməsindən gedirdi. Podratın məbləği 288 milyon dollar təşkil edirdi.
 
Prokurorluğun məlumatına görə, sövdələşmə gerçəkləşdirilərkən 50 milyon dollar harasa yoxa çıxıb. Müstəntiqlərin fikrincə, bu pullar azərbaycanlı məmurlara “otkat” (“şirinlik”) məqsədilə rüşvət olaraq verilib.
 
Bundan əlavə, Stokholm dairə məhkəməsinin qərarı ilə “Bombardier” şirkətində işləyən Rusiya vətəndaşı həbs olunub. O, ağırlaşdırıcı hallarla rüşvət verməkdə ittiham edilib. Qeyd olunur ki, həbs edilən rusiyalı “Bombardier”in digər əməkdaşları ilə birgə “Azərbaycan Dəmir Yolları”nın məmurları ilə sövdələşməyə gedib.
 
İş burasındadır ki, Kanada şirkətinin İsveç törəməsi tenderdə elə də sərfəli şərtlər irəli sürməyib, lakin buna baxmayaraq, sərfəlilyinə görə beşinci yeri tutmuş şirkət tenderin qalibi elan edilib. Bu, ADY-nin rəhbərliyinin xeyli miqdarda rüşvət almasının müqabilində baş verib.
 
İstintaqın əlində saxlanılanların sənədlərindən və elektron məktublarından ibarət geniş baza mövcuddur ki, bütün bunlar azərbaycanlı məmurlara rüşvətin verilməsini sübuta yetirir.
 
Xatırladaq ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları”na Asif Əsgərov rəhbərlik edib. 2015-ci ildə o, nəqliyyat naziri Ziya Məmmədovun müavini təyin olunub. Ötən ay Ziya Məmmədovun nazirliyi ləğv rdilib və o. avtomatik işsiz qalıb.
 
RePost.Az

Baxış sayı: 4530 | Tarix: 10.03.2017
Bizi Telegramda izləyin: @repostaz