Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları birləşdirən 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.
 
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir.
 
Belə ki, yolun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarətdir. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edir.
 
Yolboyu 137 müxtəlif diametrli suötürücü boru, 30 yeraltı keçid, 7 körpü, 7 tunel və 9 viaduk inşa edilir.
 
Tunellər şərti olaraq T1A (3 303m), T1 (351.5 m), T2 (550m), T3 (681.5 m), T4 (570m), T5 (478.5m) və T6 (526m) adlandırılıb.
 
Artıq T4, T5 və T6 tunelləri üzrə tikinti işləri son mərhələdə icra edilir. Belə ki, qeyd olunan tunellərdə qazıntı, püskürtmə beton, kəmər betonu, drenaj və kabel boruların inşası işləri tamamlanıb. Hazırda tunel daxili, həmçinin tunellərin giriş və çıxış yollarında yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
 
T1, T2 və T3 tunellərində də qazıntı və püskürtmə beton işləri artıq yekunlaşıb. Hazırda tunellərdə daxili drenaj, kabel borularının inşası və kəmər betonlama işləri davam etdirilir.
 
T1A tunelinin sol istiqaməti üzrə ümumi 1426 metr, sağ istiqaməti üzrə isə ümumi 1604 metr məsafədə qazma və dəmir-beton dəstəkləmə işləri görülüb. Hazırda qeyd olunan işlər digər məsafələrdə davam etdirilir.
 
Layihə üzrə tikintisi nəzərdə tutulmuş 9 viadukun (dərə üzərində inşa edilən körpü) 8-də hazırda inşaat işləri davam etdirilir. Viadukların 3-nün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilir.
 
Qeyd olunan üsulla betonlama işləri yolun 79.7-ci km-də inşa edilən və ortalama uzunluğu 380 m (sol-410 m, sağ-350 m) olan viadukda artıq tamamlanır. Hazırda bu istiqamətdə viadukda işlər yekunlaşdırma mərhələsindədir.
 
Layihə boyu avtomobil körpülərinin, alt keçidlərinin, suötürücü dairəvi boru və düzbucaqlı monolit boruların tikintisi davam etdirilir. Layihə üzrə süni qurğu işlərinin ümumi görülmə faizi 70%-dən çoxdur.
 
Hazırda yol boyu torpaq işlərinin icrası da davam edir. Belə ki, layihə üzrə genişləndirmə, yamacların kəsilməsi, qazma-dolğu işləri ilə yeni yol yatağının inşası, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından istifadə olunmaqla yol əsasının tikintisi işləri davam edir. Yol əsası hazır olan hissələrdə asfaltlanma işlərinə də start verilib.
 
Bundan başqa “Zəfər Yolu”nun Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna birləşən hissəsində yol qovşağının tikintisi işləri də uğurla icra olunur.
 
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.
 
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Baxış sayı: 5157 | Tarix: 12.08.2022
Bizi Telegramda izləyin: @repostaz