Füzuli Rayon İcra Hakimiyyəti özünü qazi kimi təqdim edən Elçin Əsədovla bağlı açıqlama yayıb.
RePost.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu günlərdə Füzuli şəhərindən məcburi köçkün, rayon ərazisində məcburi köçkün ailələri üçün salınmış Beşinci Zobucuq qəsəbəsində 198 nömrəli evdə yaşayan Əsədov Elçin Oqtay oğlu sosial şəbəkələrdə video müraciət yayaraq Qarabağ müharibəsi qazisi olduğunu, Füzuli rayonunda məmurların himayə etdiyi qoçu dəstələri tərəfindən ona məxsus evə hücum edildiyini, evinin dağıdıldığını bildirib, köməklik göstərilməsini xahiş edib.
Elçin Əsədovun videomüraciətdə səsləndirdiyi faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Müəyyən olunub ki, Elçin Əsədovun yaşadığı evə hücum olmayıb, evə hücum olması, ev əşyalarının sındırılması və dağıdılması görüntüsünü Elçin Əsədov özü qəsdən yaradıb. Açıqlamada bildirilir ki, bunu Elçin Əsədovun anası Təranə Əsədova Füzuli Rayon Polis Şöbəsində verdiyi izahatında da qeyd edib: “Elçin Əsədov 1972-ci il təvəllüdlüdür, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olmayıb, qazi deyil. 2000-ci ildə həqiqi hərbi xidmətdən fərarilik etdiyinə və həmin dövrdə oğurluq etdiyinə görə 2001-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1.-ci, 333.4.-cü, 334.1.-ci, 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü və 66.3.-cü maddələri ilə təqsirli bilinərək ümumilikdə 6 il müddətində həbs olunub.
Vaxtaşırı sosial şəbəkələrdə Qarabağ müharibəsi qazisi adından istifadə edərək video müraciətlər yaymaqla rayonun məmurlarını, iş adamlarını şantaj etməklə maddi qazanc əldə etməklə məşğul olur”.
Açıqlamada həmçinin qeyd olunub ki, Elçin Əsədov azyaşlı qızı ilə birlikdə Beşinci Zobucuq qəsəbəsində anası Təranə Əsədovaya məxsus iki otaqlı evdə yaşayır. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Elçin Əsədov yaşadığı qəsəbədə fəaliyyət göstərən məktəbdə texniki işlə təmin edilib. Özü və anası məcburi köçkün kimi vahid aylıq müavinət alır. Anası Təranə Əsədova ümumi səbəbdən 2-ci qrup əlildir, buna görə pensiyə alır. Ailəyə dövlət tərəfindən həyatyanı və 1 hektar pay torpağı verilib. RİH-in başçısı tərəfindən Elçin Əsədova və anası Təranə Əsədovaya dəfələrlə maddi köməklik olunub.