Göyçay rayon Uşaq Musiqi Məktəbinin yeni direktoru Günay Hacıyeva hüquq-mühafizə orqanlarına müraciət edib.
Bu barədə Qaynarinfo-ya Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Natavan Tağıyeva məlumat verib.
Onun sözlərinə görə, Günay Hacıyeva ona qarşı zor tətbiq edən müəllimlərdən şikayət edib:
"Günay xanımın sağ qoluna xəsarət yetirilib. Bundan əlavə, şəxsi əşyalarına zərər yetirilib”.
Qeyd edək ki, Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb. Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimi kimi çalışan Günay Hacıyevanı direktor təyin edib. Musiqi məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimələr etiraz edərək onu məktəbdən qovublar.