“Layihənin işə salınmasından iki-üç il sonra, azı, 3000 vətəndaşın İT sahəsində ixtisas alacağını və rəqəmsal iqtisadiyyatın inkişafına ciddi təkan verəcəyini gözləyirik”.
 
Bunu report İnformasiya Agentliyinə müsahibəsində “İT Akademiya” layihəsindən danışarkən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
 
Nazirin sözlərinə görə, yeni layihə çərçivəsində tələbələr qısa müddət ərzində İT sahəsi üzrə əmək bazarında ən çox tələb olunan veb-həllər, testləşmə və sistem inzibatçılığı kimi ixtisasları sıfırdan öyrənəcəklər.
 
O, həmçinin vurğulayıb ki, bu sahədə təhsilin mümkün qədər əlçatan olması üçün əllərindən gələni edirlər. Belə ki, “İT Akademiya”nın tələbələri təhsil haqlarının cəmi 10%-ni ödəyəcəklər.
 
“İnanırıq ki, keyfiyyətli təhsil ölkənin rəqəmsal iqtisadiyyatda imkanlarının artırılması üçün vacib amildir. Rəqəmsal iqtisadiyyat isə, öz növbəsində, Azərbaycanın iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdırılmasına imkan yaradacaq. Buna görə də “İT Akademiya”nın məqsədi informasiya texnologiyaları sahəsində peşəkar kadrlar hazırlamaq, ölkənin İT bazarının inkişafına yardım göstərmək və təhsil sistemində informasiya texnologiyalarını modernləşdirməkdir.
 
“İT Akademiya” layihəsini həyata keçirməklə İqtisadiyyat Nazirliyi Elm və Təhsil Nazirliyi ilə birlikdə Prezidentin təsdiq etdiyi “Strategiya”nın reallaşdırılmasına töhfə verir”, - deyə Mikayıl Cabbarov bildirib.
 
İqtisadiyyat naziri qeyd edib ki, bu, ölkədə insan kapitalının və biznesin inkişafına yönəlmiş yeganə layihə deyil. O, “Step IT Academy” akademiyasını, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində informasiya texnologiyalarının tədrisi üzrə Azərbaycan-İsrail Təlim Mərkəzini nümunə göstərib.

Baxış sayı: 4511 | Tarix: 08.09.2022
Bizi Telegramda izləyin: @repostaz