Ukrayna Prezidenti Vladimir Zelenski Azovstal və Mariupolun müdafiəsi zamanı əsir götürülən hərbçilərin azad olunmasında etdiyi vasitəçiliyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Bu barədə Zelenski “Twitter“də bildirib.
“Biz 215 nəfəri rus əsirliyindən geri qaytardıq: Onların 188-i Azovstal və Mariupolun müdafiəçiləridir ki, onların da 108-i "Azov" batalyonunun döyüşçüsü, milli qvardiya, dəniz piyadaları, sərhədçilər, polislər, ərazi müdafiəsi və təhlükəsizlik xidmətinin əməkdaşlarıdır. İndi onlar təhlükəsizdirlər. Biz hamını xatırlayırıq və onları xilas etməyə çalışırıq.
Ərdoğanla əldə etdiyimiz razılaşmalara görə, azad edilən “Azov”un 5 komandiri müharibənin sonuna qədər Türkiyədə rahat şəraitdə yaşayacaq. Onlar ailələri ilə görüşə biləcəklər. Prezident Ərdoğana insanlarımızın azad edilməsində öncül roluna görə ürəkdən təşəkkür edirəm”, - Ukrayna lideri vurğulayıb.
Zelenski qeyd edib ki, hərbi əsirlərin mübadiləsi zamanı Ukrayna hərbçilərinin sırasında döyüşən 10 əcnəbi vətəndaş da Rusiya əsirliyindən azad edilib. Onların 5-i Britaniya, 2-si ABŞ, 1-i Mərakeş, 1-i İsveç və 1-i Xorvatiya vətəndaşıdır. “Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə onlar vətənə qayıdacaqlar. Mən bunda əməyi olan hər kəsə həqiqətən minnətdaram”.