Rusiya Federal Təhlükəsizlik Xidməti Türkiyə və Avropaya neft-qaz nəql edən boru kəmərinin partladılmasının qarşısını alıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya FTX-nın İctimaiyyətlə Əlaqələr mərkəzi məlumat yayıb.
"Kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna xüsusi xidmət orqanlarının Türkiyə və Avropanı enerji ilə təmin edən neft-qaz kompleksində təxribat və terror aktı törətmək cəhdinin qarşısı alınıb", - deyə FTX-nın məlumatında qeyd olunub.
Qeyd edək ki, təhlükəsizlik qüvvələri Ukraynanın Təhlükəsizlik Xidməti tərəfindən “verbovka” olunan 1978-ci il təvəllüdlü şəxsi saxlayıb. Ondan iki əldəqayırma partlayıcı qurğu aşkarlanaraq ələ keçirilib. Şübhəlinin qadcetlərində ukraynalı kuratorla yazışmalar, bombanın yığılması üçün təlimatlar və partlayış yerinin koordinatları tapılıb. Həmçinin terror aktının hazırlanmasını təmin edən Rusiya vətəndaşı olan dörd nəfər də saxlanılıb.