Bu gün Audiovizual Şura növbəti iclasını keçirib. İclasda 3 (üç) ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqələrə yekun vurulub və qaliblər elan olunub.
 
Şuradan verilən xəbərə görə, ilk olaraq müsabiqələrə sənəd təqdim etmiş ərizəçilərin sənədlərinin, texniki imkanlarının, yaradıcılıq və kadr, habelə maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının geniş mərizəsi və rəyi dinlənilib. Daha sonra Şura üzvləri ayrı-ayrılıqda müsabiqələrdə iştirak edən iddiaçılar haqqında fikirlərini bildiriblər.
 
İclasın sonunda 3 müsabiqəyə sənədlərini təqdim etmiş ümumən 7 iddiaçı arasında daha üstün texniki, yaradıcı, kadr və iqtisadi potensiala malik olan 3 iddiaçı - "NHR" MMC (radio redaksiyanın adı "Yurd FM"), "Bakı FM" MMC (radio redaksiyanın adı "Bakı Hit FM"), "Retro FM" MMC (radio redaksiyanın adı "Bakı Retro FM") - qalib elan olunub və hər bir müsabiqə üzrə yekun qərarlar verilib.
 
Şuranın müvafiq qərarlarına əsasən Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 90.7 MHs, İsmayıllı rayonundakı "İvanovka" RTYS-dan 104.5 MHs, Lənkəran rayonundakı "Lənkəran" RTYS-dan 89.6 MHs, Şuşa rayonundakı "Şuşa" RTYS-dan 98.0 MHs, Zaqatala rayonundakı "Danaçı" RTYS-dan 90.9 MHs "Yurd FM" radio kanalının yayımı üçün "NHR" MMC-nin istifadəsinə, Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 93.0 MHs, İsmayıllı rayonundakı "İvanovka" RTYS-dan 98.8 MHs, Lerik rayonundakı "Lerik" RTYS-dan 107.5 MHs, Şuşa rayonundakı "Şuşa" RTYS-dan 96.1 MHs, Ağstafa rayonundakı "Poylu" RTYS-dan 88.4 MHs radiotezlikləri "Bakı Hit FM" radio kanalının yayımı üçün "Bakı FM" MMC-nin istifadəsinə, Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 93.3 MHs, Ağsu rayonundakı "Gülüstan" RTYS-dan 102.1 MHs, Lerik rayonundakı "Lerik" RTYS-dan 91.3 MHs, Şuşa rayonundakı "Şuşa" RTYS-dan 97.1 MHs, Quba rayonundakı "Dağlı" RTYS-dan 93.3 MHs radiotezlikləri "Bakı Retro FM" radio kanalının yayımı üçün "Retro FM" MMC-nin istifadəsinə ayrılıb.
 
Daha sonra iclasda Şəmkir rayonunda yerləşən "Atabəy" radio-televiziya stansiyasından 22-ci TV yayım kanalından yayımlanan yerüstü rəqəmsal açıq (sosial) televiziya paketinin qəbulunda maneələr yarandığından açıq (sosial) paketin yayımının həmin stansiyadan 35-ci TV yayım kanalından həyata keçirilməsi haqqında qərar qəbul olunub.

Qeyd edək ki, müsabiqəyə ANS şirkətlər qruöunun rəhbəri Vahid Mustafayev də qatılmışdı. O, ANS ÇM radiostansiyasına yenidən lisenziya almaq istəyir. 

Baxış sayı: 3333 | Tarix: 23.09.2022
Bizi Telegramda izləyin: @repostaz