Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb.
RePost.Az Bakupost.az-a istinadla xəbər verir ki, oğurlanan şəxs Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovdur.
Saytın mənbəsi iddia edir ki, Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir.
Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığı bildirilib.
Məsələ ilə bağlı saytın deputat Əhliman Əmiraslanovla əlaqə yaratmaq cəhdi baş tutmayıb.
Deputatın köməkçisi Raqif Xəlilov isə məsələni araşdırıb məlumat verəcəyini desə də, sonradan Ə.Əmiraslanovla əlaqə saxlaya bilmədiyini qeyd edib: “Zəng etdim açmadı. Günün ikinci yarısı yenidən əlaqə saxlayacağam”.
Qeyd edək ki, mövzu ilə bağlı ilk məlumatı musavat.com yayıb.
Bildirilib ki, A.Əmiraslanov separatçı kürd qruplaşmanın üzvləri tərəfindən oğurlanıb və azadlığa buraxılması üçün öncə 10 milyon dollar tələb olunub. Danışıqlardan sonra deputatın oğlunun 5 milyon dollar qarşılığında sərbəst buraxıldığı və hazırda Bakıda olduğu vurğulanıb.
Deputat məlumatı təkzib edib, o, belə bir hadiəsnin baş vermədiyini deyib.