Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub. 
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.
 
Mələk Abbasova və Turanə Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir. 
 
Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar. 
 
Hadisənin ilkin təfərrüatı da məlum olub. Belə ki, tələbələrdən Turanə Xanlayevanın anası ötən gün bacısı Lamiyə Xanlayevanı Bakıya həkimə gətiribmiş. Gecəni isə qızı ilə Xırdalanda keçirmək istəyib. 
 
Bina sakinlərinin A24.Az-ın hadisə yerində olan müxbiri Orxan Aslanlıya verdikləri məlumata görə, hadisə zamanı ölənlərdən 3-ü tələbə, 2-si isə həmin tələbələri görmək üçün onların rayondan gələn qohumoları olub. Bildirilir ki, hazırda ölən bütün şəxslərin meyitləri tibbi ekspertiza üçün morqa aparılıb.
 
Onu da əlavə edək ki, hadisə gecə saatlarında baş verib və mərhumların qohumları gəlib pəncərəni sındıraraq meyidlərin çıxarıblar.
 
Hadisə barədə əməkdaşımıza açıqlama verən 1 saylı mənzil kommunal təsərrüfatı birliyinin sədri İmamverdi Sadıqov  bildirib ki, bu barədə məlumat daxil olan kimi əraziyə gəliblər və dərhal şüşəni sındıraraq bir nəfər gənci içəri salıblar.
 
“Həmin uşaq qapını açdı və içəri girdik. 3 nəfər qadın yerdə uzanmışdı, birinin meyiti isə onların üzərində idi. Bir qadın isə digər otaqda tək idi və orada ölmüşdü. Dərhal əraziyə polis və təcili yardımı çağırdım. Evdə heç bir qaz iyi yox idi və qaz sobası da yanmırdı. Mənzilin çölündən də qaz bağlı idi. Hadisədən də qohumlarından biri xəbər tutub. Belə ki, o, dəfələrlə telefona zəng vurub cavab almadıqda evə gəlib və qapının bağlı olduğunu görüb. Bundan sonra ev sahibindən icazə alındı və mənzilə daxil olduq”.
 
Qonşular isə iddia edirlər ki, onlar dəm qazından zəhərlənərək ölüblər.
 
RePost.Az

Baxış sayı: 4112 | Tarix: 15.03.2017
Bizi Telegramda izləyin: @repostaz