Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
RePost.Az virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Məhkəmədə şahidlər ifadə verib.
Öncə təqsirləndirilən Rövşən Əhmədovun oğlu Şahmar Əhmədov ifadə verib. O, atasının qohumu Çingiz Baxşıyevi uşaqlıqdan tanıdığını, atası ilə aralarında mehriban münasibət olduğunu deyib: "Son vaxtlar atamı harasa göndərəndə getmirdi. Atam bağlama, pul gətirirdi evdə saxlamağa. Çingizin tapşırdığı işlər qaranlıq göründüyü üçün atam son vaxtlar etiraz edirdi. Bundan sonra Çingiz atamı hədələməyə başladı. Martın axırında isə şikayət etdi ki, qızıl qabları boşdur".
Tərəflərin suallarını cavablandıran şahid pul bağlamaları və qızılların harada saxlanıldığını bilmədiyini deyib.
Daha sonra Ç. Baxşıyevin kürəkəni Ayaz İbrahimov ifadə verib. O, ifadəsində R. Əhmədovun qızıllar olan qutunu onlara gətirdiyini deyib: "Həmin vaxt xəstə idim. Evdə mən və xidmətçi var idi. Rövşən qutunu qapının yanına qoyub getdi. Təxminən yarım saatdan sonra yoldaşım gəldi. Sonradan eşitdim ki, anasına zəng vurub qutudakı qızılların yüngül olduğunu dedi".
Vəkil Adəm Məmmədovun "sizin orada nə qədər qızılınız olub" sualına A.İbrahimov "30-40 qızıl monetlər olub, beş il olardı qaynanamgilə vermişdik saxlamağa" cavabını verib.
Digər sualları cavablandıran şahid belə işlərə qarışmadığını, qızılların yoxa çıxmasını qayınatası xəstələndikdən sonra eşitdiyini deyib: "Qaynatam xəstələnib müalicəyə getmişdi. Ondan sonra bu barədə eşitdim. Rövşən əvvəllər də bizə rayondan bir -iki dəfə nəsə ərzaq gətirib qoyub. Həmin gün də nə gətirdiyini soruşmadım. Aramızda heç bir dialoq olmadı, heç salamlaşmadım da".
Hakimin "xadimə hər gün sizdə olur" sualına şahid "bəli" cavabı verib.
Sonra onların arasında belə bir dialoq olub:
- Xadimə siz olmayanda da evdə olurdu?
- Xeyr, yoldaşım həmişə evdə olur.
- Qızılların sizə qoyulması və götürülməsi dövründə qaynınız Bakıya gəlmişdimi?
- Deyəsən, gəlməmişdi.
R.Əhmədov müdaxilə edərək həmin dövr ərzində Nəriman Baxışovun dörd dəfə Bakıya gəldiyini deyib.
Hakim:
-Qutuların içindəkinin qızıl olduğunu yoldaşınız sizə deyəndə bildiniz, yoxsa elə güman edirdiniz ki, rayondan gətirilən hər hansı ərzaqdı?
-Bir daha deyirəm, mən belə şeylərə qarışmırdım. Yoldaşım deyəndə bildim ki, qızıldı.
Hakim şahidə istintaqa fərqli ifadə verdiyini xatırladıb.
Məhkəmə prosesi aprelin 4-ə kimi təxirə salınıb.
Qeyd edək ki, Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilir. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur. Törətdiyi əmələ görə 18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan cinayət işinin istintaqının davam etdirilməsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilib.
İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl monetləri ələ keçirib. Çingiz Baxşiyev nəqliyyat nazirinin müşaviri olmazdan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.
R.Əhmədov ona elan olunmuş ittihamları qəbul etmir. O, günahsız olduğunu, qohumu Çingiz Baxşıyevin sifarişi ilə həbs olunduğunu deyir.
Uzun illər nəqliyyat sektorunda rəhbər vəzifələrdə çalışan Ç.Baxşıyevin adı mətbuata evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanan məmur kimi gəlib. Sabiq müşavir bu oğurluqda qohumu Rövşən Əhmədovu günahlandırıb və ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra R.Əhmədovu həbs ediblər.
RePost.Az