Bakıda "Naxçıvan" adından qeyri-qanuni istifadə etməklə istehsal olunmuş saxta məhsullar aşkarlanıb.
RePost.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat daxil olub.
Məlumatda qeyd olunur ki, geni modifikasiya olunmuş məhsullardan istifadənin məhdudlaşdırılması, qida əlavələrindən, pestisidlərdən və emulqatorlardan istifadənin ciddi dövlət nəzarəti ilə əhatə olunması son nəticədə geniş ictimai rəydə xüsusi rəğbətə malik, ekoloji təmiz, insan sağlamlığı üçün faydalı və yüksək keyfiyyətli Naxçıvan məhsullarına özünəməxsus imic qazandırıb.
Lakin, bir sıra hallarda Naxçıvan məhsullarının yüksək imicinə xələl gətirə biləcək faktlara, saxtakarlıq hallarına rast gəlirik ki, bu da ciddi təəssüf doğurmaqla istehlakçıların aldadılmasına səbəb olur.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən daxili bazarda aparılan müşahidələr üzrə müəyyən olunmuşdur ki, Abşeron rayonu Xırdalan şəhəri İlham Cəfərov küçəsi 45 ünvanında fəaliyyət göstərən fiziki şəxs S.G.Nabatov və Heydər Əliyev prospekti 184 a ünvanında fəaliyyət göstərən fiziki şəxs N.S.Əsgərov tərəfindən istehsal olunmuş 3 çeşiddə kolbasa məhsulları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan, qeyri-qanuni olaraq, Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmadan "Naxçıvan" adı ilə markalanmışdır.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehlakçıların və sahibkarların nəzərinə çatdırır ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur. Eyni zamanda əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt-saxta məhsullar hesab edilir.
Belə məhsullara rast gəldikdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə operativ məlumat verilməsi xahiş olunur.
Aşkar olunmuş saxtakarlıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq hüquqi prosedurlar başlanılıb.
RePost.Az
Mənbə: Naxçıvantv.az