Türkiyə Milli Müdafiə Nazirliyi 15 dekabrda Ankara səmasında zərərsizləşdirilən pilotsuz uçuş aparatı (PUA) ilə bağlı açıqlama yayıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, nazirliyin məlumatına görə, PUA ölkənin hava sahəsinə Qara dəniz tərəfdən daxil olub.
Ankaraya qədər irəliləyən PUA F-16 qırıcıları tərəfindən dərhal zərərsizləşdirilib.
Müdafiə Nazirliyindən bununla bağlı Rusiya və Ukraynaya xəbərdarlıq edildiyi vurğulanıb.
Türkiyə Milli Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin zəif olmasına dair səsləndirilən iddialara da cavab verib.
“Hava hücumundan müdafiə sistemimizin zəif olduğu barədə iddialar həqiqəti əks etdirmir. Bundan əlavə, Ukrayna ilə Rusiya arasında davam edən müharibə fonunda Qara dənizin təhlükəsizliyinə yönəlmiş bu cür mənfi hallarla bağlı hər iki tərəfin daha diqqətli olması məsələsində müvafiq tərəflər xəbərdar edilib”, - açıqlamada qeyd olunub.