"Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə araşdırması davam etdirilib.
 
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda Rasim Məmmədovun vəkili Zibeydə Sadıqova müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
 
O bildirib ki, məhkəmə tərəfindən iş üzrə şahidlərin dindirilməsi təmin edilib və hazırda Rasim Məmmədovun şahidlərə təsir etmə imkanı yoxdur: "Həmçinin, müvəkkilimin məhkəmədən və istintaqdan yayınmağa heç bir səbəbi yoxdur. Biz hesab edirik ki, Rasim Məmmədov heç bir cinayət əməli törətməyib və məhkəmədən bəraət almaq istəyirik".
 
Prokuror vəsatətə münasibət bildirək vəsatətin təmin edilməməsini istəyib.
 
Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə yollanıb.
 
Hakimlər fasilədə olarkən Rasim Məmmədov şəriki Yusif Hənifəzadənin ötən prosesdə dediklərinə münasibət bildirib. O qeyd edib ki, Yusifin dedikləri yalandır: "Bildirir ki, arxamca gələrək məni güdüb. Mənim avtomobilim zirehli idi, 4 tərəfi çəkirdi. Hər gün görüntülərdə görürdüm ki, kimsə məni izləyib. O isə məni izləməyib. Deyir guya mən zavoddan "yuxarılara" verilməsi üçün götürdüyüm 350 min manat pulu evimə aparmışam. Hesab edir ki, guya ki, mən "yuxarı" deyəndə evimin yuxarı mərtəbədə olmasını nəzərdə tutmuşam. Halbuki, mən 2019-cu ildən Mərdəkandakı evimdə yaşamışam. Pandemiyadan sonra orada olurdum. Amma bunun iddiasına görə, 2020-ci ildə şəhərdə Bakı sirkinin yanındakı evimə qədər məni izləyib. Sonra deyir ki, "Baku Steel"lə əlaqəsi olmayıb. "Baku Steel Company"nin maliyyə direktoru Mübariz Səmədovun istintaqa təhvil verdiyi “flaş kart”a baxın. Yusif hər ay 50 min manat maaş alıb. Maştağadakı xəstəxanaya sorğu versəniz, görərsiniz ki, Yusif Hənifəyev dəlidir".
 
Məhkəmə müşavirədən qayıdaraq ev dustaqlığı ilə bağlı vəsatətin təmin edilmədiyini açıqlayıb.
 
Daha sonra vəkillər prosesin audio yazısının aparılmasını, hər prosesin protokolunun ayrı yazılmasını və onunla tanış olmaq istədiklərini bildiriblər.
 
Məhkəmə bu vəsatəti də təmin etməyib.
 
Prosesdə istintaqda ifadə verən, sonradan vəfat etmiş şahid Mehman Hüseynovun ifadəsi elan edilib.
 
Mehman Hüseynov istintaqda ifadəsində bildirib ki, Rasimlə uşaqlıqdan dost olub: "Rasimlə yaxşı münasibətim olub. O vaxt Rasim Bayıl həbsxanasının arxasında atasının maşınını təmir ilə üçün yanıma gətirirdi. Elə ordan münasibətlərimiz möhkəmləndi. 2006-2007-ci illər idi Rasim təklif elədi ki, Oksford məktəbi tikdirir. Məni ora tikintiyə nəzarətçi götürdü. Əvvəllər 900 manat, daha sonra 3 min manat maaş aldım. 2010-cu ildə Rasimlə Çingizin təklifi ilə adıma şirkət yaratmaq istədiklərini bildirdilər. Mən də razılaşdım. "Royal Steel" MMC yaratdılar, təsisçi kimi mənim adıma rəsmiləşdirildi. Şirkətinin heç bir işindən xəbərim yox idi. Tamara adlı mühasib işləri görürdü. Lazım olanda mənə sənədlər verirdilər, qol çəkirdim. Lakin şirkətə faktiki olaraq Rasimlə Çingiz rəhbərlik edirdi".
 
Rasim Məmmədov qeyd edib ki, şahidin ürəyi partlayıb ölüb: "Tamara sağdır, onu istintaqa belə çağırmayıblar. Həmin işlə bağlı ittiham odur ki, mən 1 milyon 150 min manat mənimsəmə eləmişəm. Tamaranı çağırın görək, o boyda pul görüb? Yalandan uydurma ittihamdır. Həmin şirkət metal qırıntıları ilə bağlı yaradılan şirkət idi. 2009-2010-cu illərdə bu şirkət fəaliyyət göstərib. Ondan sonra fəaliyyətini dayandırıb. Bizdən bu şirkətinin yaranmasını aidiyyatı qurumlar istəmişdi. Sonradan işləmək istəmədilər. Biz də işi dayandırdıq".
 
Vəkil Zibeydə Sadıqova da Rasim Məmmədova “Royal Steel”lə bağlı ittiham verildiyini yada salaraq vurğulayıb ki, istintaq bu şirkətin ona aid olması haqda heç bir sübut ortaya qoymayıb: “Necə olur, rəsmən “Politon” şirkəti və Əli Kərimlinin adına olan “Baku Steel Company”nin ona aid olduğunu deyir, qəbul eləmirlər, deyirlər, sənin deyil. Amma “Royal Steel”in ona aid olması haqda heç bir sübut-dəlil olmadığı halda, deyirlər, sənindir, üstəlik, ittiham da verirlər?”
 
Rasim Məmmədov qeyd edib ki, iki vərəqə görə ona 60 milyon manat ittiham irəli sürüblər:
 
"Əcnəbi vəkillərin Dubayda yaradılan, səhmlərinin 25 faizinin mənə məxsus olan "Terra"nın qazancları, alqı-satqısı ilə bağlı hesablarından çıxarışları gətirdilər. Məhkəməyə təqdim edirəm. Baxın, rəsmi bank çıxarışları ilə məlum olur ki, mənim qazancım 6 milyon manat olub. Amma mənə 60 milyon manat mənimsəmə ittihamı veriblər. O şirkətin cəmi 25 faizi mənim olub, digər 75 faizi məlumdur kimindir. Mən bu haqda danışmaq istəmirəm. Bu barədə danışmaq mənə lazım deyil".
 
Daha sonra prosesdə sənədlərin tədqiqinə başlanılıb.
 
Proses oktyabrın 24-də davam etdiriləcək.
 
Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Baxış sayı: 6981 | Tarix: 21.10.2022
Bizi Telegramda izləyin: @repostaz