Azərbaycan Ağır Atletika yığmasının üzvü Boyanka Kostova həbs olunub.
Bu barədə Bolqarıstan əsilli idmançının şəxsi məşqçisi Laçezar Kişkilov "Max Telegraf" nəşrinə açıqlama verib.
Məlumata görə, Kostova narkotik satarkən tutulub. 9 ay azadlıqdan məhrum edilən idmançı cəzasını Sliven həbsxanasında çəkir.
"Kostova yanlış insanlarla rastlaşdı və pis mühitə düşdü. Mən ona dəfələrlə xəbərdarlıq etmişdim. Amma artıq gec idi. Ona dedim ki, pul qazanmağın başqa yolu da var. Lakin bu, işə yaramadı. Onu məhəllədə narkotik satarkən tutublar" - Kişkilov bildirib.
Qeyd edək ki, Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. Beynəlxalq Ağırlıqqaldırma federasiyası ötən il dopinqdən istifadə etdiyi üçün idmançını 8 il müddətinə diskvalifikasiya etmişdi.