“Oğru aləmi”ndə kriminal avtoritet adı alan Xəqanı Baqiryani ağır cinayət hadisəsi törətdiyi üçün mühakimə olunub.
RePost.Az Teleqraf.com-a istinadən xəbər verir ki, o, 1968-ci ildə Zaqatala şəhərində anadan olub.
Xəqanı Baqiryani ilk dəfə 1994-cü ildə məhkum olunub. Həmin il Zaqatala rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin (köhnə redaksiya) 207.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Kriminal avtoritetin həbsxana həyatı
Bundan sonra Xəqani Baqiryani 1995-ci ildə yenidən məhkəmə qarşısına çıxarılıb. Bakı şəhəri Xətai rayon məhkəməsinin 11 iyul 1995-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 50.2-ci maddəsinə əsasən 1 il 11 ay 16 gün cəzadan şərti olaraq azad olunub.
Xəqani Baqiryani təkrarən Zaqatala rayon Məhkəməsinin sentyabr 1998-ci il tarixli hökmünə əsasən həmin vaxt qüvvədə olmuş Cinayət Məcəlləsinin 185-ci maddəsinin 1-ci hissəsi, 220-ci maddəsinin 1-ci hissəsi, 207-ci maddəsinin 3-cü hissəsi, 189-1-ci maddəsinin 2-ci hissəsi, 95-ci maddəsi ilə təqsirli bilinib və Cinayət Məcəlləsinin 38 və 39-cu maddələrinə əsasən 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 aprel 2004-cü il tarixli qərarı ilə 95-ci maddə Cinayət Məcəlləsinin (yeni redaksiya) 120.1-ci maddəsinə tövsif edilməklə, cəzası 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilib.
Həbsxanada “taclanma” mərasimi
Xəqani Baqiryani növbəti dəfə 2008-ci ildə məhkəmə qarşısına çıxarılıb. Zaqatala rayon Məhkəməsinin 29 iyul 2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Həbsxanada olduğu müddətdə Xəqani Baqiryaniyə kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov ad verib. Həbsxanada qurulan “taclanma” mərasimində Xəqani Baqiryan ad alıb.
Bakıda “sxodka”
Daha sonra həbsxanadan çıxan Xəqani Baqiryani yaşadığı Zaqatala rayonuna yollanıb. O, Zaqatala rayonunda olduğu müddətdə paytaxtda kriminal avtoritetlərin “sxodka”sı keçirilib. 2013-cü ilin yanvarın 19-da Xətai rayonu ərazisindəki “Fərat” çay evində bir qrup şəxsin toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə DİN-ə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat nəticəsində kriminal aləmə yaxınlığı ilə tanınan xeyli sayda avtoritet həbs edilib.
Bu əməliyyatdan bir neçə gün sonra, yəni yanvarın 27-də ölkənin şimal-qərb bölgəsindən olan kriminal avtoritetlər bir araya gəlib, son vaxtlar respublikada həbs edilən avtoritetlərlə bağlı müzakirələr aparıblar. Həmin toplantı Zaqatalada baş tutub.
Toplantıda onların bəziləri arasında fikir ayrılığı yaranıb və mübahisə düşüb. Mübahisəyə son qoyan avtoritetlərdən bəziləri sonradan bu mübahisəyə yenidən qayıdıblar.
“Sxodka”da təhqir və mübahisə
Ən çox mübahisə isə hər ikisi də dəfələrlə məhkumluq həyatı yaşayan “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun tərəfdarı Xəqani Baqiryani və “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Caniyevin tərəfdarı “bandit” ləqəbli Rəşad Rəsulov arasında düşüb.
Kriminal aləmdə "Disko Nəriman" ləqəbi ilə tanınan Nəriman Qurbanəliyevin təsir dairəsində olan “bandit” ləqəbli Rəşad Rəsulovun qonağını Xəqani Baqiryani təhqir edib və onu məclisdən qovub.
Buna görə də kriminal aləmin hər iki nüfuzlu şəxsi arasında mübahisə yaranıb. Xəqani Baqiryani aralarında yaranmış gərginliyi aydınlaşdırmaq üçün yanvarın 27-də, saat 21-22 radələrində “Jeep Grand Cherokee” markalı avtomobili ilə Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “köhnə hamam” adlandırılan yerin yaxınlığına gəlib.
Həmin vaxt Rəşad Rəsulov üzərində olan MP-654 K markalı 4,5 mm kalibrli TO4 079253 nömrəli tapançanı və bıçağı silah qismində tətbiq edib. O, Xəqaninin avtomobilinə tərəf atəş açıb.
Qanlı olay
Nəticədə Xəqani Baqiryani sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarət alıb, avtomobilinə isə ciddi ziyan dəyib. Bundan sonra Xəqani Baqiryani üzərində olan bıçaqla Rəşad Rəsulovun bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vurub. Bununla da Rəşad Rəsulovun sağlamlığnın pozulmasına səbəb olub. Rəşad Rəsulov vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.
Xəqani Baqiryani Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib. Onunla yanaşı Nəriman Qurbanəliyev, Rəşad Rəsulov, Şıxamir Şıxamirov, Rövşən Murtuzəliyev və Orxan Həzrəyev də mühakimə olunublar. Bu şəxslər isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli biliniblər.
Bəraət və cəza
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəqani Baqiryani Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib və ona 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Məhkəmə həmçinin Xəqani Baqiryaninin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittihamnaməsini sübuta yetirə bilməyib. Məhkəmə həmin maddə üzrə ona bəraət hökmü çıxarıb.
Digər təqsirləndirilən şəxslər - Nəriman Qurbanəliyev, Rəşad Rəsulov, Şıxamir Şıxamirov, Rövşən Murtuzəliyev və Orxan Həzrəyev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli biliniblər və barələrində ittiham hökmü çxıarılıb. Onlar müxtəlif illərə məhkum olunublar.
Kriminal avtoritetin şikayətləri təmin edilmədi
Xəqani Baqiryaninin barəsində çıxarılan bəraət hökmündən prokurorluq narazı qalıb. Prokurorluq bəraət hökmünün ləğv edilməsini, Xəqani Baqiryanin cəzasının daha da ağırlaşdırılmasını istəyib.
Həmçinin Xəqani Baqiryani də apelyasiya şikayəti verib. O, qəsdən sağlamlığa ağır xəsarət yetirmə ittihamı üzrə də bəraət hökmünün çıxarılmasını istəyib. Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rəfail Əliyevin sədrlik etdiyi prosesdə həm prokurorluğun protesti, həm də təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.
Bundan sonra təqsirləndirilən şəxsin vəkili kasasiya şikayəti verib. Vəkil şikayətində apelyasiya məhkəməsinin qərarının ləğv edilməsini, müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 130.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, ya da cinayət işini yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş edib.
Kasasiya şikayətinə Ali Məhkəmədə, hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası Xəqani Baqiryaninin vəkilinin şikayətini təmin etməyib. Xəqani Baqiryaninin barəsində olan Şəki Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
RePost.Az