Sosial şəbəkədə tanış olduğu qadına qarşı dələduzluq edən Anar Quliyevin (soyad-şərtidir) məhkəməsi başa çatıb.
 
RePost.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, 1984-cü il təvəllüdlü Anar Quliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Anar Nərgiz Məmmədova (ad-soyad şərtidir) ilə tanış olan zaman özünü Xüsusi Təyinatlı Qüvvələrin keçmiş mənsubu kimi təqdim edib. O, Vətən müharibəsi başlayan zaman Nərgizə zəng edərək, guya döyüşə çağırıldığını bildirib. Anar mütəmadi olaraq qadına zəng vurub yalandan cəbhə bölgəsində olduğunu, döyüş əməliyyatlarında iştirak etdiyini söyləyib.
 
Vətən müharibəsi başa çatandan sonra onlar görüşüb. Anar ilk tanışlıq zamanı özünü Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” adlı xüsusi təyinatlı dəstəsinin xidmət vaxtı yaralanması səbəbindən ehtiyata çıxmış zabiti kimi təqdim edib. 2021-ci ilin yanvar ayının 28-də Anarın anası Nərgiz üçün elçi gedib, lakin qızın valideynləri düşünmək üçün vaxt istəyiblər.
 
Maraqlıdır ki, ana da oğlunun yalanına şərik çıxıb və övladının zabit olduğunu təsdiqləyib. Əslində isə Anar özəl şirkətlərin birində mühafizəçi işləyirmiş.
 
Anar Nərgizlə münasibətdə olduğu dövrdə onu DTX-də işə düzəldə biləcəyini deyib, bunun üçün kurslara qatılmalı olduğunu qeyd edib. O, bu səbəbdən Nərgizdən ümumilikdə 10 min manata yaxın pul alıb.
 
2021-ci ilin sonlarında isə Nərgizin Anarla münasibəti pozulub. Qadın aldadıldığını başa düşüb və bu barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
 
Bundan sonra Anar Nərgizə mesaj yazaraq saxlanıldığını, kimlərinsə adından pul almaqda günahlandırıldığını bildirib. O. rütbəsinin cırıldığını və hər şeyinin əlindən alındığını da Nərgizə yazıb.
 
Qeyd edək ki, Anar Quliyev daha öncə də məhkumluq həyatı yaşayıb.

Baxış sayı: 5233 | Tarix: 12.11.2022
Bizi Telegramda izləyin: @repostaz