Erməni siyasətçilər və ekspertlər qabaqdangəlmişlik edərək Azərbaycan ordusunun Laçın dəhlizini bağlamağa hazırlaşdığını bildirirlər. Hələ utanmaz-utanmaz onlar son zamanlar Qarabağda gərginliyin və atəş səslərinin artmasını da bununla əlaqələndirirlər. 
 
Sözsüz ki, Ermənistanla Qarabağ arasındakı yolun nəzarətə götürülməsi Azərbaycanda əsas müzakirə predmetidir. Çünki rəsmi Bakının Rusiya sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasına daxil olan, giriş-çıxışına cavabdeh olduğu Laçın dəhlizinin təyinatı üzrə istifadə edilmədiyi haqda kifayət qədər dəlil-sübutlar mövcuddur. 
 
Azərbaycanın rusiyalı sülhməramlıların yerləşdikləri ərazidə ekoloji monitorinq qrupunun səfəri separatçıların yuxusunu qarışdırıb. Ən maraqlısı odur ki, 10-15 silahsız ekoloq qarşısında panik duruma düşən erməni separatçıları bəs hansı cəsarətlə Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edirlər?! 
 
Bütün bu gedişat Xankəndinin Azərbaycana inteqrasiyasına işarədir. Bakının səbri artıq tükənir. Son hadisələrə nəzərən açıq bildirmək olar ki, Azərbaycan dövləti ərazi bütövlüyünün təmin olunmasına yönəlik prosesin son mərhələsinə start verib. İndi rəsmi Bakı Azərbaycanın beynəlxalq hüquq normaları ilə sahib olduğu haqlarının reallaşdırılması niyyətində tamamilə qərarlı görünür. Çünki artıq Azərbaycan ərazilərinə hələ də göz dikənlərə öz yerini göstərməyin vaxtı çatıb.
 
Laçın dəhlizi separatçıların silah daşıması məqsədilə istifadə olunmaqla yanaşı, sülhməramlıların müvəqqəti nəzarət zonasında gözləri qarşısında qeyri-qanuni erməni silahlı birləşmələrinin yeni mövqelər, istehkamlar qurması faktları, Qarabağın qızıl yataqlarının mənimsənilməsi, eləcə də kontingentin Azərbaycan toponimlərini rəsmi Bakının dəfələrlə xəbərdarlıqlarına rəğmən erməni adları ilə qeydi tərəfimizdən konkret addımların atılması məsələsini daha da aktuallaşdırdı. 
 
Rusiya sülhməramlı kontingenti daha düşünmədi ki, ermənilərlə səs-səsə verərək "Azərbaycan tərəfdən atəşkəs pozularaq Dağlıq Qarabağ postu atəşə tutulub" açıqlamasını yayanda Bakının reaksiyası da çox sərt olacaq. Bir neçə sözdən ibarət bu cümlədə Azərbaycana qarşı növbəti təxribatyönlü ifadələrin şahidiyik. "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur, Rusiya əgər 10 noyabr üçtərəfli bəyanatına sadiqdirsə, imzasına hörmətlə yanaşırsa, "separatçıların postu" ifadəsi kökündən yanlışdır. Çünki bu ifadələr Azərbaycanın ərazi bütövlüyünə, 44 günlük Vətən müharibəsi ilə regionda yaratdığı yeni geosiyasi düzənə tamamilə ziddir.
 
Azərbaycan ekoloqlarının separatçıların hələ də qaldıqları ərazilərə səfəri və orada monitorinq təşkilindən belə görünür ki, qondarma rejim mənsubları qədər sülhməramlı kontingentin komandanlığı da dərin narahatlıq keçirib.
 
Yaxın gələcəkdə Ermənistanla Qarabağı birləşdirən yolda Azərbaycan gömrük və sərhəd postlarının fəaliyyətə başlayacağı istisna edilmir. Yolun təxminən 3 saat bağlı qalması rəsmi Bakının sözügedən addımlar üçün bir nəbz yoxlaması idi ki, bu, çox uğurla həyata keçirildi. 
 
Azərbaycan ekoloqlarının daha sonra Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdirməsi də ermənilərə və rəsmi Moskvaya bir mesajdır ki, "bu yerlərdə azərbaycanlıları görməyə alışmalısınız, tezliklə bu yerlərə birdəfəlik köçəcəyik". 
 
Sülhməramlılar Bakının qəzəbini hiss etdi
 
"Azərbaycan toponimlərinə hörmətlə yanaşırıq. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən bütün toponimləri Azərbaycan tərəfinin bizə göndərdiyi adlarla yazırıq. Amma təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin saytında bu adlara düzgün əməl edilmir" , - deyən Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkovun açıqlaması belə deməyə əsas verir. Volkovun Azərbaycanca təqdim edilən toponimlərin Moskvada dəyişdirildiyi ilə bağlı etirafı bütün bu təxribatların arxasında Moskvanın dayandığına işarə idi. Rus generalın belə bir etirafı təbii ki, ancaq Bakının artan təzyiqi qarşısında baş verə bilərdi. 
 
Deyildiyi kimi deyildisə bəs, özlərini xüsusilə son vaxtlar müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində bölgənin sahibi kimi aparmağa çalışan sülhməramlıların komandanına belə bir açıqlama verməyi nə məcbur edə bilərdi?! Heç kimə sirr deyil ki, kontingent missiyasının əksinə olaraq bölgədə vəziyyəti gərginləşdirmək, sülhə əngəl olmaq üçün Qarabağa ayaq basdıqları ilk gündən erməni separatçılarına himayədarlıq edirdilər, bu cinayətkar qruplar üçün müdafiə istehkamları qururdular, hətta onları "humanitar yardım" adı altında silahlandırırdılar.
 
Halbuki 2 il əvvəl imzalanan üçtərəfli bəyanata əsasən rus sülhməramlıların əsas missiyası erməni separatçı-terrorçuların tərksilah olunması, eləcə də, Ermənistan ordusunun tör-töküntülərini Azərbaycan ərazisindən çıxarılması öhdəliyindən başlayırdı. Lakin indiyə qədər bu istiqamətdə heç bir addımın şahidi olmamışıq. 
 
Lakin çox keçmir ki, Azərbaycan Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının Xankəndinə gedişinin ardınca - 1 gün sonra Rusiya sülhməramlılarının müşayiəti ilə Tərtər-Kəlbəcər marşrutu üzrə hərəkət edən Azərbaycanın maşın karvanına ermənilərin hücum etdiyinə şahid qolduq. Bununla sülhməramlılar növbəti dəfə Qarabağdakı proseslərə görə məsuliyyətdən yaxa qurtarmaq məqsədilə belə bir ssenari planlaşdıra bilərlər. 
 
Və istisna deyil ki, bunun təşkilatçıları da elə sülhməramlılardır. Onlar müşayiət etdikləri maşın karvanına hücumda "bu təxribatlardan bizim də xəbərimiz yoxdur, biz də bu təxribatların qurbanı ola bilərik" mesajını verməklə Azərbaycanı Qarabağ iqtisadi rayonunda addımlardan çəkindirməyə çalışaraq "mülki təxribatlar"ın davamlı ola biləcəyi təəssüratını yaratmaq istəyir. 
 
Amma daha düşünmürlər ki, azərbaycanlıların olduğu maşın karvanına erməni terrorçularının hücumu həm də əslində o deməkdir ki, sülhməramlılar ermənilərin öhdəsindən gələ bilmir. Bu təxribatlarda onların əli var ya yox, bu, Bakı üçün heç nəyi dəyişmir. Hadisə ortada, erməni təxribatı davam edir. 
 
Bunun məsuliyyətini isə Rusiya tərəfi daşıyır. 10 noyabr üçtərəfli bəyanatına görə qanunsuz erməni silahlı birləşmələrinin bolgəni tərk etməsi ilə sülhməramlıların Qarabağa gəlişi eyni zamanda baş verməli idi. Lakin 2 ildir Rusiya üzərinə götürdüyü öhdəliyi nəinki yerinə yetirmir, əksinə bu gün erməni silahlılarına təxribatlar üçün zəmin yaradacaq addımlar da atırlar. 
 
Dünənki bu hadisə isə bir daha Bakını artıq antiterror əməliyyatlarına başlamaq üçün konkret addımlar atmağa vadar edir. Çünki sülhməramlılar öncədən də bilirdi ki, qanunsuz silahlı birləşmələr, separatçılar, revansist qüvvələr Qarabağda qaldığı müddətcə bölgədə sabitlikdən, dinclikdən, sülhdən söhbət gedə bilməz. Bu təxribatdan sonra Bakının artıq bölgənin terrorçulardan təmizlənməsi üçün gərəkən addımları atmaq barədə düşündüyü istisna edilmir.
 
Bunu indi bir neçə ekoloqun doğma yurduna ayaq basmasına görə narahatlıq keçirən erməni qondarma rejim qalıqları düşünsünlər. Çünki erməni terrorçular tərksilah olunmasa, ekoloqları komandoslar əvəzləyəcək ki, onların artıq ETSN əməkdaşları qədər kübar olacağı inandırıcı görünmür. 
 
Bu ilin sonuna sülh gözlənilsə də, proseslər bunun bir qədər gecikəcəyini göstərir. Amma Ermənistanda növbəti daxili siyasi böhran baş verməzsə hər şey Bakının istədiyi zamanda yekunlaşacaq. Əgər Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad olunan ərazilərə 2025-ci ildə "Böyük qayıdış" təsdiqlənibsə və o sənəddə qeyd edilirsə ki, 2025-ci ildə Ağdamdan Xankəndinə qaz kəməri çəkilməlidir, o deməkdir ki, bu kəmər azı 2024-cü ildə tikilməyə başlanmalıdır. 2024-cü ildə prosesə strart vermək üçün isə Azərbaycan 2023-cü ildə bütün hərbi-siyasi bloka aid olan məsələləri həll etməlidir. Buradan isə belə nəticəyə gəlmək olur ki, Azərbaycanın Xankəndinə, Xocalıya daxil olacağı müddət artıq bəllidir.
 
Təhməz Əsədov
Milli.Az

Baxış sayı: 6392 | Tarix: 05.12.2022
Bizi Telegramda izləyin: @repostaz