Bakıda Nərimanov metro stansiyasının qarşısında hərbi formalı və yaxasında medal olan şəxsin pul toplaması barədə görüntülər yayılıb.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdə Elçin Ləmbəranski adlı şəxsin də pul toplanması aksiyasında iştirak etdiyi görünür.
Məsələ ilə bağlı E.Ləmbəranski açıqlama verib: “Birincisi, o qazini mən tanımıram. Xəstə balamızın anasının səsinə səs verməyə getmişəm və görmüşəm ki, bu oğlan da oradadır. İkincisi, mən Mələk balamızın anasına tapşırmışam ki, sabahdan bu qazi sənin yanında formada dayanmasın.
Mənə zəng gəldi. Dedilər, metronun qarşısında bir bacı balası üçün pul yığır. Dərhal gəldim, bacıya dəstək oldum. Soyuqda bacardıqca davam gətirdim. Çox təəssüf ki, bir daha cəmiyyətin 70 faizinin laqeyd olduğunu gördüm".
Görüntülərlə bağlı BAKU.WS-ə açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələnin araşdırıldığını bildirib: “Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hallar hüquqazidd əməldir. Yardımdırsa, yardım toplama forması bu deyil. Məsələ araşdırılır”.