Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti "Qızılbulaq" yatağından qanunsuz istifadə ilə bağlı məhkəməyə müraciət edə bilər.
 
Bunu “APA-Economics”ə eksklüziv açıqlamasında "Anglo-Asian Mining Plc." Şirkətinin maliyyə direktoru İlham Xəlilov deyib.
 
O bildirib ki, məsələ ilə bağlı mütləq şəkildə beynəlxalq məhkəməyə müraciət edilməsi nəzərdə tutulur: "Bununla bağlı Azərbaycan hökumətinin, yoxsa birbaşa "Anglo-Asian Mining”in iş qaldıracağı hələlik dəqiqləşməyib. Eyni zamanda, ziyanın həcmi ilə bağlı dəqiqləşmələr aparılmalıdır. Amma hələlik orada araşdırma aparılmasına imkan verilmir".
 
İ. Xəlilov əlavə edib ki, siyasi məsələlər öz həllini tapdıqdan sonra şirkət "Qızılbulaq" və onun yuxarı hissəsində yerləşən "Dəmirli" müqavilə sahəsində kəşfiyyat işlərinə başlayacaq.
 
Qeyd edək ki, "Qızılbulaq" Müqavilə Sahəsi Rusiya sülhməramlılarının Qarabağda nəzarət etdikləri Ağdərə ərazisində yerləşir. Müqavilə sahəsi "Dəmirli" mis-molibden yatağının qızılla zəngin olan hissəsidir. Buradan ermənilər tərəfindən ildə 35 min unsiyaya qədər (təxminən 1 ton) qızıl hasil edildiyinə dair məlumatlar var. Qızılın yerin səthindən çıxarılması ciddi ekoloji və digər törəmə fəsadlar yaradır.
 
Xatırladaq ki, dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları bunu nəzərə alaraq Rusiya sülhməramlılarının rəhbərliyi ilə görüşüb ərazidə monitorinq aparmaq istəsələr də onlara əraziyə baxış keçirməyə imkan verilməyib. Ötən gündən etibarən isə eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirirlər.
 
Məlumat üçün deyək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. "Qızılbulaq" da müqaviləyə daxil edilən yataqlardan biridir.

Baxış sayı: 12415 | Tarix: 13.12.2022
Bizi Telegramda izləyin: @repostaz