Milli Məclisin (MM) 16 dekabr 2022-ci il tarixli iclasında olduqca maraqlı çıxışlar olub.
Deputatlar “Tərtər işi” ilə bağlı çıxışlar ediblər. MM üzvləri “Tərtər işi”ndə işgəncə əmri verən şəxsin adının açıqlanmasını istədiklərini bildiriblər.
Ən sensasion çıxışı isə Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc edib.
Z.Oruc “Tərtər işi”ndən danışarkən vacib və maraqlı məqamlara toxunub. Komitə sədrinin çıxışı konkret faktlar və personalar üzərində qurulub. İlk dəfə Milli Məclis kürsüsündən “Tərtər işi”nə görə hazırda və yaxın keçmişə kimi yüksək vəzifə tutan şəxslərin adı çəkilib.
Deputatın çıxışından sitat: “Hərbi prokuror 5 il işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırıb, sonda isə bəlli olub ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, Ordumuzdan və qurbanlardan üzr istəməlidir”.
İntonasiya, aksent sizə nəsə deyirmi? Bu çıxışın sıradan bir məruzə olduğunu düşünmək mümkün deyil. Burada ciddi mətləblər var. Hörmətli Zahid Oruc ölkənin kifayət qədər məlumatlı şəxslərindən biridir. Onun Milli Məclisdə belə sərt, detallı və cəsarətli çıxışı, əslində, yaxın günlərdə Müdafiə Nazirliyi sistemində, hərbi strukturlarda baş verəcək nəhəng proseslərin anonsu sayıla bilər. Dövlət köhnə qvardiyanın cinayətlərindən, mafiya tərzindən, saymaz rəftarından boğaza yığılıb. Ona görə də özünün sərt üzünü “övladlarına” (yüksək çinli məmurlara) göstərməyə qərar verib.
“Tərtər işi” cinayəti Vətən müharibəsində qazanılmış nəhəng qələbəni ciddi şəkildə ləkələyə bilər. Bu ləkəni təmizləmək üçün Prezident bu ilin əvvəlində sözügedən cinayət işinin yenidən istintaq olunması ilə bağlı göstəriş verdi. İstintaq Komissiyası yaradıldı, məsələyə yenidən baxıldı və vətənə xəyanətdə suçlanan şəxslərin, demək olar, hamısı bəraət aldı.
Dövlət indi fərqindədir ki, prosesdə yanlış olub. Sən demə, cinayətdə suçlayanların özləri cinayətkar imiş…
Zahid Orucdan daha bir sitatla yazımıza davam edək:
“Saxta xəyanət hökmlərinin sifarişçiləri, təşkilatçıları, müdafiəçiləri, hərbi hissələrdə “samosud” təşkil edənlər, qurbanları hospitallarda cəza palatalarına bağlayanlar, Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır. Torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir”.
Deputat çıxışında bir başqa məqama da toxunub. O, insanlara nahaqdan işgəncə verən müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna şübhə ilə yanaşıb. Bu o deməkdir ki, yüksək vəzifəli şəxslərlə yanaşı, bu işdə iştirak etmiş müstəntiq korpusu da ciddi cəzalandırılacaq.
Z.Oruc bildirib ki, zərərçəkənlərə təzminatı dövlət deyil, saxta işi tərtib edən şəbəkə üzvləri ödəməlidir.
Son 1 ayda köhnə komandadan qalan şəxslərlə bağlı sensasion tədbirlər həyata keçirilir.
Dövlətə məxsus “Azərtac” İnformasiya Agentliyinin rəhbəri Aslan Aslanov korrupsiya ittihamları ilə işdən çıxarıldı. Bununla paralel olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ətrafında xüsusi əməliyyata start verildi. Naxçıvan Gömrük Komitəsində antikorrupsiya əməliyyatları 1 aydır davam etdirilir. Həbslər, işdən çıxarılmalar, cəzalandırmalar… bu gün də dayanmır.
İndi də Hərbi prokuror Xanlar Vəliyev hədəf kimi göstərilir. O, son 5 ildə baş verən ən ağır hərbi cinayətin qarşısını almamaqda ittiham edilir. Yəqin, Müdafiə Nazirliyində də yeni təmizləmələr olacaq. Türk general Bəxtiyar Ersayın Müdafiə Nazirliyində yüksək posta gətirilməsi bunun əlaməti sayıla bilər. Prezident İlham Əliyev Müdafiə Nazirliyini tam milliləşdirməyə start verib. Prosesə mane olanlar isə hələ də qalmaqdadır.
Prezident Azərbaycanın gələcəyini Qərblə, NATO ilə əməkdaşlıqda görür. Regional güc mərkəzləri Türkiyə, İsrail, Pakistanla hərbi-siyasi müttəfiqlik yüksək səviyyəyə çatdırılıb. NATO ordusu Türkiyənin timsalında Azərbaycandadır. Demək, həm də Güney Qafqazdadır. Bu sürəcə əngəl yaradan güclər isə cəzasız qalmır. Rusiyaya, İrana, digər mərkəzlərə bağlı qüvvələr dövlətin pəncəsinin zərbəsi ilə darmadağın edilir. Azərbaycanda NATO-Rusiya-İran strateji maraqlarının savaşı gedir. Gələcəyimizi daha təhlükəsiz təmin etmək üçün Azərbaycanın dövlət başçısı ən doğru olanı – Qərbə, NATO-ya inteqrasiya xəttini seçib. Ordunu NATO standartlarına uyğunlaşdırır. Bu işdə qardaş Türkiyənin, dost İsrailin dəstəyindən maksimum istifadə olunur.
Yeri gəlmişkən, İsrailin Azərbaycandakı səfiri Corc Dik yerli mediaya müsahibəsində çox maraqlı, hətta sensasion sayılacaq fikirlər səsləndirib.
Sitat:
“Biz dost kimi hər hansı qüvvələrdən tərəfdaşımız Azərbaycana yönələ biləcək təhlükənin qarşısını almaq üçün onu gücləndirmək istiqamətində hər şeyi edəcəyik. İki ölkə arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında deyə biləcəyim bu qədərdir”.
Əlavə şərhə ehtiyac varmı?
“Beşinci kolon” deyilən o mənfur qüvvə artıq son dövrünü yaşamaqdadır. Azərbaycanı hər mənada Rusiyanın təsir zonasından azad etmək üçün illər öncə başladılan proses özünün ən pik, həlledici nöqtəsinə yaxınlaşır. Şuşa-Xankəndi yolunda dekabrın 12-də start verilən aksiya da bunun tərkib hissəsidir. Bu gedişatın sonunun qələbə ilə yekunlaşacağına əminik. Eynən 44 günlük Vətən müharibəsi kimi. Çünki onda da, indi də dövlətlə xalqın istəyi, birliyi, bütövlüyü var.//Globalinfo.az