“Azərbaycan nəinki bölgədə, artıq dünya miqyasında önəmli ölkəyə çevrilib. Ermənistan isə bütün ümidlərini itirmiş, depressiyada yaşayan bir ölkədir və bunun səbəbi Ermənistanı qanunsuz yollarla zəbt etmiş kriminal xunta rejimidir. Erməni xalqı üçün ən böyük təhlükə elə Ermənistanın indiki rəhbərliyidir”.

Bunu Prezident İlham Əliyev bu gün Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib.

“Biz öz səylərimizi davam etdirəcəyik. Dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Bölgədə vəziyyət bizim xeyrimizə işləyir. İqtisadi, hərbi potensial da aydındır ki, bizim tərəfimizdədir. Keçən ilin aprel hadisələri bunu bir daha göstərdi. Ona görə biz daha da güclü olmalıyıq, daha da güclənməliyik və bunu edirik”.

President bildirib ki, Ermənistan isə xarici yardımsız yaşaya bilmir. Əgər aprel döyüşlərinə qədər onlar öz mifoloji fəaliyyətlərində müəyyən dərəcədə uğurlar qazana biliblərsə, aprel döyüşləri onların təbliğatına ciddi zərbə vurub, erməni cəmiyyətini sarsıdıb: “O sarsıntının fəsadları bu günə qədər orada hiss olunur. Aprel hadisələri orada dərin hərbi və siyasi böhrana gətirib çıxarıb. Bu, hələ qısamüddətli döyüşlər idi. Ona görə onlar düzgün nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün əlbəttə ki, biz uğurlu siyasət aparırıq, hər gün, hər il biz o günü yaxınlaşdırırıq. Bilirsiniz ki, Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaq.

Son illərin beynəlxalq münasibətləri göstərir ki, əfsuslar olsun, beynəlxalq təşkilatlar artıq o qədər də ciddi təsirə malik deyillər. Böyük dövlətlər isə öz maraqlarını güdürlər, beynəlxalq hüququ istədikləri kimi təhrif edirlər. Belə olan halda güc əsas amildir və biz bunu bilirik”.
Dövlət başçısı əlavə edib ki, iqtisadi vəziyyətimiz yaxşılaşır: “Keçən il, – mən ötən il burada demişdim, – iqtisadi sabitləşmə, dərin iqtisadi islahatlar ili idi. Bu islahatlar öz bəhrəsini verməyə başlamışdır. Bu il isə artıq inkişaf ilidir. İlin iki ayının göstəriciləri bunu təsdiqləyir. Böyük olmasa da, iqtisadi artım var. Ümumi daxili məhsul 0,4 faiz artıbdır. Qeyri-neft sənayemiz isə 5 faiz, kənd təsərrüfatı 3 faizdən çox artıb. Yəni, bu, iqtisadi inkişafımızın əsas göstəriciləridir. Neft-qaz ixrac edən bir çox başqa ölkələrdən fərqli olaraq, keçən il biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik, xərcləməmişik. Halbuki, xərcləyə bilərdik. Ancaq biz ölkəmizin uzunmüddətli maraqları haqqında düşünürük. Biz hər il valyuta ehtiyatlarımızı artırmalıyıq. Buna nail oluruq. Bu gün bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən çox artıqdır. Bəlkə də dünya miqyasında çox az ölkə tapılar ki, bu göstərici bu səviyyədə olsun”.

 

Baxış sayı: 3656 | Tarix: 18.03.2017
Bizi Telegramda izləyin: @repostaz