Pakistanlı aktrisa Mehrin Şah Bakıda təcavüzə məruz qaldığını iddia edib.
Paytaxta film çəkilişi üçün gələn aktrisaya qaldığı oteldə hindistanlı prodüser Rac Qupta və rejissor Seyid Ehsan Əli Zaidi təcavüz ediblər.
BAKU.WS saytı olaraq onların Bakıda qaldıqları məkanı araşdırıb əlaqə saxladıq. Oteldən saytımıza bildirildi ki, Mehrin Şah və filmin digər çəkiliş heyəti 7 gün oteldə qonaq olublar. Onlar dörd gün əvvəl sözügedən məkanı tərk ediblər.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) də müraciət etdik. Baş vermiş təcavüzlə bağlı quruma hər hansı bir məlumatın daxil olub-olmamasını öyrəndik.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, aktrisa artıq 4 gündür Bakını tərk edərək ölkəsinə gedib:
"Aktrisa Mehrin Şahın iddiaları araşdırılıb. Bununla bağlı polis orqanlarına hər hansı müraciət daxil olmayıb. Bu barədə özü də bildirib ki, Bakıda müraciət etməyib. O, gəlişindən bir həftə sonra yəni yanvarın 9-da ölkəsinə geri qayıdıb".
Qeyd edək ki, Mehrin prodüser və rejissorun otelə seks işçiləri dəvət etdiyini də qeyd edib. Aktrisa onların əxlaqsız tələblərini yerinə yetirmək istəmədikdə isə ona təcavüz olunduğunu söyləyib. Sənətçi digər aktrisaları xəbərdar etmək üçün baş verənləri ictimailəşdirmək qərarına gəldiyini bildirib.