“Aktyor deputatdan da, cərrahdan da yaxşı yaşamalıdır. Çünki mədəniyyət sahəsinin nümayəndələri daim günəş kimi enerji, pozitivlik saçmalıdırlar ki, mədəniyyəti təbliğ edə, insanları mədəniyyətə çağıra bilsinlər və sair”.
 
Bunu İctimai televiziyada yayımlanan “Əqrəb mövsümü” serialının senaristi və aktyoru Azər Aydəmir pravda.az-a müsahibəsi zamanı deyib.
 
Həmin müsahibəni təqdim edirik:
 
- “Əqrəb mövsümü” 8-ci seriyası ilə gündəmi zəbt etdi. Demək olar, hər kəs müsbət rəylər yazır. Əvvəlcə, təəssüratlarınızı öyrənmək istərdik…
 
- Bu, sevindiricidir, əladır. Biz inanırdıq. “Əqrəb mövsümü” Azərbaycan kino və senari industriyasında sırf bizim komanda tərəfindən həyata keçirilən son damla, son eksperiment idi. Müxtəlif eksperimentlər aparılırdı. Detektiv janr dünyada ən sevilən janrlardan biridir. Bununla rəqabətə girmək olduqca çətindir. Çünki hər bir ölkənin detektiv janrları, filmləri var. Hətta Ermənistanın, Gürcüstanın, qonşu ölkələrin... Odur ki, dünyada yüz minlərlə nümunə var. Biz yenisini yaratmaqla çox böyük riskə getdik. Amma yenə də eksperiment etmək istədik ki, bu janrda keyfiyyətli bir məhsul təqdim etməklə də küskün izləyicimiz milli kinomuza, milli kontentə inanmasa və geri dönməsə, o zaman həqiqətən də bu işin başını buraxmaq lazımdır. 1990-cı illərdən bəri geridönülməz bir proses başlayıb. Təəssüf ki, bunu düzəltmək artıq mümkün olmayacaq deyə düşünürdük. Təvazökarlıqdan kənar olsa da, zənnimcə, Azərbaycan kinosunun adına bir ümid işığı yaratdıq. Bütün həmkarlarıma, dostlarıma, əlini-qolunu artıq aşağı salıb, “bu işlə məşğul olmayacağam”, - deyən insanlara da, sadəcə, “irəli, irəli!”, - demək istəyirəm.
 
- Küskün tamaşaçılardan danışdınız. Sanki küsən təkcə onlar deyil, həm də aktyorlarımızdır. Bildirilir ki, Azərbaycanda belə möhtəşəm işin ərsəyə gəlməsi üçün həm də “kisənin ağzını bir az açmaq”, aktyorlarımızı həvəsləndirmək lazım imiş... Doğrudan da belədirmi?
 
- Bu, sözsüz ki, stimullaşdırıcı faktordur. Əlbəttə ki, aktyor yaxşı qazanmalıdır. Aktyor deputatdan da, cərrahdan da yaxşı yaşamalıdır. Çünki mədəniyyət sahəsinin nümayəndələri daim günəş kimi enerji, pozitivlik saçmalıdırlar ki, mədəniyyəti təbliğ edə, insanları mədəniyyətə çağıra bilsinlər və sair... Sözsüz ki, bu durum nəinki aktyorları, ümumiyyətlə, bütün incəsənət sahəsində çalışanları küsdürmüşdü. İstəsələr belə, işlərinə həvəssiz yanaşırdılar. Bizim serial faktiki olaraq ölkənin ən bahalı serialı sayılır, amma hətta region üçün də bu, əlbəttə, çox-çox gülməli bir məbləğdir. Pul faktoru rolunu oynayır. Amma tam olaraq hamıya pul dağıtsaq, böyük, müstəsna məbləğ paylasaq, bütün kino adamları gözəl iş ərsəyə gətirə biləcəklərmi? Buna bir az şübhəm var. Çünki burada pul birinci faktoru oynamır. Birinci faktor zövqdür. Zövq çox vacib amildir. İkinci yerdə, əlbəttə, pulu qərarlaşdırardım.
 
- Puldan söz düşmüşkən, müğənni Nura Surinin sözlərinə görə, 12 bölümlük serialın ümumi büdcəsi 180 min manatdır. Bu, doğrudur?
 
- Bəli, 12 bölüm olacaq, birinci mövsüm belə planlaşdırılıb. Nura xanım dəqiq məbləğ söyləyib. Madam ki danışırıq, sizə eksklüziv bir məlumat verim. Nura xanımın eşitdiyi və səsləndirdiyi məbləğ layihənin ilkin büdcəsi idi. Amma layihə ərsəyə gəlmək ərəfəsində və çəkilişlərin artıq başlama prosesində bu məbləğ deyildiyindən əlli faiz də artırıldı. Çünki həmin büdcəyə sığmaq mümkün olmadı. İlkin hesablamalar bir az yanlış çıxdı. Dəqiq serial istehsalı 180 min büdcəyə nəzərdə tutulmuşdu, amma nəticədə 200 mindən çox xərc çıxdı.
 
- “Əqrəb mövsümü”ndən çoxları xəbərsiz idi, sanki 8-ci bölümlə serial gündəmə gəldi, hətta “birnəfəsə” 8 bölümü izləyənlər də oldu. 8-ci bölümdə məhz rəqs səhnəsi niyə bu qədər maraqla qarşılandı?
 
- Burada rejissorun bacarığını, istedadını, görüşünü ön plana çəkmək lazımdır deyə düşünürəm. Əlbəttə, senari, hansısa səhnə kağız üzərində yazılır, ilk oxunanda çox darıxdırıcı ola bilər, amma o səhnəni təqdim etmək, əlbəttə ki, rejissorun işidir. Ona görə də filmin sahibi həmişə rejisordur. Rejisorun gəldiyi qənaət belə idi ki, səhnənin yarısına kimi dialoqlardan istifadə olunacaq. Artıq istifadə olunub... Sonra isə qırx faiz dialoq kəsilib atılıb və həmin hissəni rejissor bu rəqslə əvəz edib. Böyük eksperimentə gedib, nəyə görə? Çünki hissləri, duyğuları, sözləri rəqslə ifadə etmək çox çətindir. Həmin səhnədə iştirak edən uşaqlar istisna olmaqla. Çünki uşaqlar epizodik rollardadırlar. Hər bir aktyor, aktrisa bizim canlı əfsanəmizdir. Hər biri xüsusi seçilmiş insanlardır. Onların məhz belə ansamblda iştirakı qaçılmaz idi. Buna rejisorun inanmağı bir daha onun və həmin səhnədə iştirak edənlərin peşəkarlığından xəbər verir. Sanki rejisor burada musiqidən əlavə, Azərbaycan kino cameəsinə sübut etmək istəyirdi ki, qonşu, qardaş ölkələrdən olan ağız dolu asılılığınızı anlayıram, çünki milli kontentlərimiz azdır, amma rejisor “bizim aktyorlarımız” ifadəsini musiqi ilə, rəqslə verə bilərdi. Rejisor bir növ iddiada bulundu ki, bizim kino məktəbimiz, kino tariximiz daha güclüdür. Rəqs səhnəsinin sevilməsi məni də layihənin iştirakçısı kimi çox fərəhləndirdi.
 
- Serialın 12 bölüm olacağını dediniz. Bəs izləyicinin tələbi ilə davamının çəkilməsi mümkündürmü? Senariyə daha hansı dəyişikliklər edilib?
 
- Serial Ceyhun Hidayətlinin “Əqrəb” romanının motivləri əsasında çəkilib. Əlbəttə, xeyli dəyişikliklər, kitabda olmayan əlavə personajlar, yaxud çıxarılan, yerdəyişməsi olan personajlar var. Adətən bu işin üsulu budur, çünki kitab indiki zamanın, dövrün istəklərinə və aktuallığına uyğun formalaşdırılır... Bu roman, bu hekayə sözsüz ki, bitir, amma bizim qəhrəmanlarımız qalır - Azərbaycan Respublikasının Baş Prokurorluğu heç yerə getmir, onlar həmişə iş başındadır. Biz bu dünyadan köçəndən sonra da, bu dünyaya gəlməzdən qabaq da onların işi var. Əsas qəhrəmanlarımız qalmaq şərti ilə, sözsüz ki, yeni cinayət işlərinin həyata keçməsi üzərində danışıqlar gedir. Dəqiq deyil ki, ikinci mövsüm olaraq davam edəcəyik, yoxsa yox, amma bu istiqamətdə danışıqlar gedir. İnsanların geridönüşündən çox şey asılıdır. Əlbəttə, bu cür sevilmə, bu partlayış nə qədər çox davam etsə, o qədər də ikinci mövsümün möhürünü vuracağıq.

Baxış sayı: 28641 | Tarix: 23.01.2023
Bizi Telegramda izləyin: @repostaz