Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 30-da Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Macarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Macarıstan Prezidenti xanım Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Hərbi orkestrin ifasında Azərbaycanın və Macarıstanın Dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Katalin Novaka, Macarıstanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edilib.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Fəxri qarovul dəstəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Prezidenti Katalin Novakın qarşısından keçib.
Sonra Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə təkbətək və geniş tərkibdə görüşü olub.
Daha sonra Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud tərkibdə və geniş tərkibdə görüşü olub.
Sonra isə ölkələr arasında sənədlərin imzalanma mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayıblar.
"Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vesprem şəhərinin meri Gyulya Porqa imzalayıblar.
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.
"Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Macarıstanın Əcnəbilərə Nəzarət üzrə Milli Baş Direktorluğu arasında miqrasiya səhəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.
"Azərbaycan Respublikasının Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol"u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.