Novruz bayramı ilə əlaqədar Bakının müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları təşkil edilir.

RePost.Az bildirir ki,  AMN-in əməkdaşı Xətai rayonu ərazisində - “Bakı” kinoteatrının yaxınlığında fəaliyyət göstərən bayram yarmarkasında olub. Yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan müxtəlif kənd təsərrüfatı məhsulları gətirilib. Yarmarkada kartof, soğan, meyvə, tərəvəz, ağartı və ət məhsulları və s. satılır.

Novruz xonçasının əsas bəzəyi çərəzlərdən qabıqlı findığın 1 kiloqramının qiyməti 7-8, qabıqlı qozun qiyməti isə 8-9 manatdır. Qoz ləpəsi 16-25 manata, fındıq ləpəsi 20-23 manata, şabalıd isə 9-10 manata satılır. Quru meyvələrin qiymətinə gəlincə, əriyin 1 kiloqramı 10 manat, xurma 8 manat, gavalı qurusu 9 manat, alça qurusu 9 manat, qara və sarı ərik qurusunun 1 kiloqramı 8 manat, kişmişin kilosu isə 7-10 manat arası dəyişir. 
Bayram üçün lazım olan ət məhsulları da adi dükanda satılanlardan çox fərqlənmir. Yarmarkalarda mal ətinin 1 kq. 9-10 manata, qoyun ətinin 1 kq. isə 10 manatdır.

Alıcılar deyirlər ki, yarmarkalarla adi bazarların qiymətində heç bir fərq yoxdur. Alıcılar narazı olmalarına baxmayaraq, bayram tədarükü görürdülər. Satıcılar isə hallarından razı idilər. Onlar alverlərinin yaxşı getdiyini, yaxşı qazandıqlarını bildirirdilər.

Bayram yarmarkasından hazırladığımız görüntüləri təqdim edirik:


Baxış sayı: 2459 | Tarix: 20.03.2017
Bizi Telegramda izləyin: @repostaz