Azərbaycanlı mütəxəssis Ceyhun Xəlilov qabaqcıl aparatı ilə Türkiyədə 14 nəfəri dağıntılar altından xilas edib.
APA xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Kahramanmaraş vilayətində axtarış xilasetmə işləri üçün Azərbaycandan gələn Ceyhun Xəlilov Ukraynanın Milli Müdafiə Universitetini bitirib, dağıntılar altından xilasetmə sahəsində yüksək texnologiyalarla bağlı isə Türkiyədə təhsil alıb.
O, istifadə etdiyi cihazın qabaqcıl xüsusiyyətlərə malik olduğunu deyib. Bildirib ki, iki kamera və akustik səsyazmaya malik cihaz dağıntı altındakı vəziyyəti göstərə bilir və sağ qalanlarla qarşılıqlı əlaqə yaratmaq imkanı təqdim edir.
Ceyhun Xəlilov bildirib ki, ilk dəfə fevralın 9-da 17 yaşlı bir qızın sağ çıxarılmasında rol oynayıb, koordinasiyalı fəaliyyət nəticəsində ümumilikdə 14 nəfərin dağıntılar altından sağ çıxarılmasında iştirak edib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə güclü zəlzələ baş verib, təbii fəlakət ölkənin 10 vilayətində çoxsaylı dağıntı və insan tələfatına səbəb olub.