Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə məşqlər keçirilib.
Məşqlər zamanı bölmələrin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları yoxlanılıb. Qarlı-çovğunlu havalar və çətin keçilə bilən ərazilər üçün nəzərdə tutulmuş təchizat, müxtəlif dağ ləvazimatları və ərzaqla təmin edilmiş hərbi qulluqçular təlim rayonunda hazırladıqları sığınacaqlarda yaşayıb, gecələyiblər.
Təlim zamanı keçirilən praktiki məşğələlərdə yüksək dağlıq ərazilərdə donvurma zamanı görülən təxirəsalınmaz tədbirlər, kəskin relyefli ərazilərdə sərt iqlim şəraitində ilk tibbi yardımın göstərilməsi və yaralıların döyüş meydanından təhlükəsiz şəkildə təxliyə edilməsi qaydaları şəxsi heyətə çatdırılıb.
Şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının yoxlanıldığı taktiki-xüsusi təlimdə xüsusi təyinatlı qruplar gündüz və gecə şəraitində şərti düşmən arxasında taktiki fəaliyyətləri icra ediblər. Verilən tapşırığa əsasən qruplarla şərti düşmənin yerləşdiyi əraziyə basqın fəaliyyəti yerinə yetirilib.
Basqın fəaliyyəti zamanı yaralanan hərbi qulluqçuya çevik şəkildə tibbi yardım göstərildikdən sonra çətin keçilə bilən ərazilər üçün nəzərdə tutulmuş hərbi daşıma vasitələrinin köməyi ilə yaralının təxliyəsi həyata keçirilib.
Qarlı-şaxtalı şəraitdə şəxsi heyətin xizək sürmə vərdişlərinin, hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma bacarıqlarının təkmilləşdirildiyi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.