AZƏRTAC sabiq müxbiri Aygün Əliyeva ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətirib.
 
RePost.Az xəbər verir ki, qurumun yaydığı məlumatda bildirilib ki, AZƏRTAC-ın İtaliya üzrə sabiq müxbiri Aygün Əliyeva 2020-ci ildə işdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib və indiyədək bu proses davam edir.
 
“2022-ci ilin noyabrında AZƏRTAC-a yeni təyin edilən sədr Vüqar Əliyev Aygün Əliyevaya bu işdə barışıq təklif edib və bir neçə dəfə onunla şəxsən danışıb. Aygün Əliyevaya onun işdən çıxarılma əmrinin ləğv edilməsi və AZƏRTAC-da işə götürülməsi təklif olunub. Buna baxmayaraq, Aygün Əliyeva məhkəmə prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirib.
 
Aygün Əliyevanın və vəkili Bəhruz Bayramovun guya ona iş təklif edilmədiyi barədə açıqlamaları həqiqəti əks etdirmir və bu cür iddialar təəssüf doğurur. AZƏRTAC-ın rəhbərliyi bu işin qanun çərçivəsində həll edilməsinin tərəfdarıdır”, - qeyd olunub.
 
O da bildirilib ki, hazırda AZƏRTAC-da kadr islahatları aparılır. Eyni zamanda, agentliyin xarici ölkələrdəki müxbirlərinin fəaliyyətinə yenidən baxılır: “Onların bir çoxunun vaxtilə necə təyin olunması suallar doğurur və bu istiqamətdə agentlikdə araşdırmalar davam etdirilir”.

Baxış sayı: 8083 | Tarix: 27.02.2023
Bizi Telegramda izləyin: @repostaz