Bu gün Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü keçirilir.
 
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak etmək Ankarada səfərdədir.
 
Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar məhz Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub.
 
“Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platforma olacaq. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində sıx çoxtərəfli əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkəcək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparacaqlar.
 
Ümumiyyətlə, son illər TDT-yə üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir.
 
Ötən il TDT-nin Səmərqənddə baş tutmuş Zirvə görüşündə Prezident İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını bildirib. Həmçinin dövlət başçısı qeyd edib ki, türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdır.
 
Dövlət başçısı bu bəyanatlarının davamı olaraq TDT-nin fəlakət-fövqəladə halların idarəedilməsi və humanitar yardım mövzusuna həsr ediləcək fövqəladə Zirvə görüşünün çağırılması təşəbbüsü ilə çıxış edib.
 
Qeyd etmək yerinə düşər ki, türk dövlətlərinin daha da yaxınlaşması, ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə daha dərinləşməsi istiqamətində Azərbaycan tərəfindən real addımlar atılır. Bu proses sözdə deyil, əməldə həyata keçirilir.
 
Qardaş Türkiyədə baş vermiş son zəlzələlər zamanı məhz Azərbaycan Türkiyəyə ən çox dəstək göstərən ölkələrdən biri olub. Bu Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz təzahürüdür.
 
Türkiyədə baş verən zəlzələlərə bu əməkdaşlığın zəruriliyini bir daha ortaya qoydu. Sammitin məqsədi həm də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında praktiki əməkdaşlığın müzakirəsi, eləcə də qardaş Türkiyəyə baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyin nümayiş etdirilməsidir.
 
Zirvə görüşü çərçivəsində Ankara Bəyannaməsinin imzalanması, eləcə də mülki müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair müvafiq qərarın verilməsi gözlənilir.
 
Bundan başqa, Sammitdə Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişin də imzalanması gözlənilir.
 
Qeyd edilməlidir ki, məhz Prezident İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
 
Onu da əlavə edək ki, Azərbaycan artıq bir çox beynəlxalq platformaların təşəbbüskarına və ev sahibinə çevrilib.
 
Bu ay İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının Bakıda baş tutmuş Təmas Qrupunun Zirvə görüşü, daha sonra 10-cu Qlobal Bakı Forumunun keçirilməsi, dövlət başçısının TDT-nin fövqəladə Zirvə görüşündə iştirakı Prezident İlham Əliyevin fəal, uğurlu xarici siyasətinin növbəti bariz nümunəsidir. Bütün bunlar ölkəmizin beynəlxalq səviyyədə milli maraqlarının davamlı şəkildə irəlilədilməsi və imicinin daha da artırılmasına xidmət edir.

Baxış sayı: 10325 | Tarix: 16.03.2023
Bizi Telegramda izləyin: @repostaz