Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
Telefon danışığı zamanı müxtəlif sahələrdə Rusiya-Türkiyə tərəfdaşlığının aktual mövzuları müzakirə edilib.
Ticarət-iqtisadi əlaqələrin müsbət dinamikasından, enerji sektorunda, o cümlədən qaz təchizatında və Türkiyədə Akkuyu AES-in tikintisi ilə bağlı birgə strateji layihələrin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub.
Türkiyə Prezidenti zəlzələnin nəticələrinin aradan qaldırılmasında göstərilən köməyə, o cümlədən bu yaxınlarda Rusiyanın səhra xəstəxanasının Hatay vilayətinə yerləşdirilməsinə görə bir daha səmimi təşəkkürünü bildirib. Həmçinin dağılmış infrastrukturun və yaşayış binalarının bərpası üçün Rusiyadan tikinti materiallarının tədarükünün təşkili imkanlarının işlənib hazırlanması razılaşdırılıb.
Türkiyə lideri Rusiyanın Qara dəniz limanlarından Ukrayna taxılının ixracı və Rusiyanın ərzaq və gübrələrinin ixracı ilə bağlı İstanbul sazişinin müddətini 60 gün uzadılmasına dair razılaşmasını müsbət qiymətləndirib. Eyni zamanda, Rusiya tərəfinin adı çəkilən “paket” sazişlərinin ikinci hissəsinin – Rusiyadan kənd təsərrüfatı məhsullarına maneələrin aradan qaldırılmasının tam şəkildə həyata keçirilməsinə nail olmaq üçün prinsipial niyyəti barədə anlayış ifadə olunub.
Putin və Ərdoğan Suriya probleminə toxunublar. Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması prosesinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Türkiyə prezidenti bununla bağlı Rusiyanın konstruktiv vasitəçilik rolunu xüsusi qeyd edib.
Rusiya prezidenti Rəcəb Tayyib Ərdoğanı və türk xalqını müsəlmanların müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.