Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib.
 
Birgə məlumatda bildirilib ki, İranda yaşayan həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.
 
Bundan başqa Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.
 
Modern.az bildirir ki, Axundzadə Rufulla Höccətullah oğlu 1955-ci ildə Astara rayonunda anadan olub. O, 1995-ci ildə İranla əlaqələrinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilən İslam Partiyasının sədr müavini olub. 
R.Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (terrora hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddələri üzrə ittiham edilib.
 
Baş Prokurorluğun rəsmi məlumatına əsasən, 21 yanvar 2011-ci il tarixdə istintaq qrupu və Astara Rayon Polis Şöbəsinin birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Axundzadə Rufulla Höccət oğlunun yaşadığı evdə axtarış aparılarkən həyətindəki saxlanc yerindən 4 ədəd AKM markalı avtomat, 1 ədəd “Naqan” tipli tapança, avtomat silahlar üçün nəzərdə tutulan və içərisində patronlar olan 3 ədəd sandıqça, 5 ədəd “F-1”, 4 ədəd “RQD-5” tipli əl qumbarası, 10 ədəd UZRQM tipli alışdırıcı, 2 ədəd trotil şaşkası, 491 ədəd patron, 7 ədəd CD formatlı disk və digər predmetlər aşkar edilərək götürülüb.
 
Eyni zamanda, götürmə zamanı görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar 9 ədəd alışdırıcı və 1 ədəd “RQD-5” tipli qumbara mütəxəssislər tərəfindən partladılıb.
 
Rufulla Axundzadə 2021-ci ilin mart ayında əfv sərəncamı ilə azadlığa buraxılıb. O, həbsdən çıxandan sonra İranın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycan dövlətinin əleyhinə fəaliyyətə başlayıb və bu məqsədlə bəzi dindarları öz ətrafında toplayıb.

Baxış sayı: 7741 | Tarix: 06.04.2023
Bizi Telegramda izləyin: @repostaz