Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən aprelin 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb. Dünən Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda şiddətli şəkildə döyülməsi, işgəncələrə məruz qalmasını əks etdirən görüntülər yayılıb.
 
Hazırda Ermənistanda əsir saxlanılan və ağır işgəncələrə, qeyri-insani rəfdara məruz qalan azərbaycanlı hərbçilər bu ölkənin Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.
 
 “Sputnik Armenia”ya bildirir ki, bu barədə Ermənistan Polis İdarəsindən  bildirilib. Hələlik, qurum məsələ ilə bağlı əlavə açıqlama yaymayıb.
 
Zəngəzur (Sünik) rayonunun Açanan kəndi yaxınlığında tapılan azərbaycanlını ilk görən Qafan meşəbəyliyinin əməkdaşı Ara Sukiasyan olub. Sukiasyan deyib ki,  Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyan, Qafan meşə təsərrüfatının və Zəngəzur biosfer kompleksinin əməkdaşlarının iştirak etdiyi azərbaycanlının axtarışı gecə boyu davam edib. “Mənə zəng edəndə artıq səhər idi, dedilər ki, tez gəl. Direktor Sasun Manukyan dedi ki, panikaya ehtiyac yoxdur, sadəcə meşə yollarında pusqu qurmaq lazımdır, azərbaycanlı burada haradasa, yaxınlıqdadırlar”- Ara Sukiasyan aravot.am- saytına bildirib. Onun sözlərindən belə aydın olub ki, qubernator hansı meşə yollarının və cığırlarının nəzarətə götürəcəklərini müəyyənləşdirib. Onlar isə axtarış üçün bir neçə istiqamətə ayrılıblar.
 
Ara Sukiasyan diş həkiminə getməli imiş və  bunun üçün icazə alıb.  Arvadının da şəxsi  maşınını götürən meşəbəyi Qafana doğru istiqamət alıb: “Yola çıxdım, oradan bir kişinin keçdiyini gördüm. Həyat yoldaşımdan soruşdum ki, bəlkə bu elə o axtarılan azərbaycanlıdır?  Arvadım dedi  ki, bəlkə də... Maşını yavaşıtdım və onun arxasınca geri dönmək qərarına gəldim”.
 
Meşəbəyinin sözlərinə görə, o, yolda azərbaycanlını iki maşının yanında görüb: “Onlara dedim ki, uşaqlar, bu adam azərbaycanlıdır.  Onlar da soruşdular ki, sən haradan bilirsən? Telefonumda şəkli var idi.  Açdım baxdıq, əmin olduq ki, axtarılan azərbaycanlıdır və dərhal əllərini kəndirlə bağladıq” Ara Sukiasyan bildirib ki, əvvəlcə azərbaycanlının haradan olduğunu soruşublar. O da cavab verib ki, farsdır. “Dedim, sən fars deyilsən və fotonu göstərdim. Bu sən deyilsənmi soruşdum? Ondan sonra dedi ki, “Azərbaycan, Azərbaycan…” Onun sözlərinə görə, əllərini bağladıqdan sonra əsgərimizin üst-başını axtarıblar. “Əlində silah yox idi, üstündə sadə otvyorka, bir neçə patron və dəftər var idi…”
 
Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisinin məsələsi barədə məlumatlıdır. BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova  bildirib ki, ailələr və müvafiq qurumlarla əlaqədədirlər: "Məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır".//musavat/

Baxış sayı: 7741 | Tarix: 14.04.2023
Bizi Telegramda izləyin: @repostaz