Tehran bir tərəfdən Əliəkbər Vilayətinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vastəsilə Azərbaycana sülh mesajları səsləndirdiyi vaxt SEPAH və Müdafiə Nazirliyi tərəfindən tam əks məzmunda xəbərlər sızdırlır. Bu dəfə də II Qarabağ savaşından üzü bəri müşahidə olunan metod yenidən təkrarlanır- Azərbaycanla bağlı etiraflar və xəbərdarlıqlar xaricdə saxlanan proksi media vasitəsilə sızdırılır.
Etiraflar. 1) İranın Müdafiə Nazirliyindəki mənbə təsdiqləyir ki, Tehran son vaxtlar Ermənistana kəşfiyyat və kamikadze dronlar, çoxlu sayda raket və silah-sursat verib. İranın tədarük etdiyi silahlar arasında Amerikanın “Stinger” və “Javelin” raketlərinə bənzər portativ zenit-raket kompleksləri olub.
2) Mənbə ötən həftə sərhəddə baş verən qarşıdurma zamanı Ermənistan ordusunun artıq bu silahın bir hissəsindən istifadə etdiyini, nəticədə hər iki tərəfdən 7 əsgərin şəhid olduğunu qeyd edərək, “Azərbaycan qüvvələrinin silahın keyfiyyətindən təəccübləndiyini” bildirib.
Xəbərdarlıqlar. 1)Deylir ki, Tehran Ermənistanla quru əlaqəsi üçün həyati əhəmiyyət kəsb edən Zəngəzur keçid məntəqələrinə nəzarət etmək üçün Azərbaycan-Türkiyə layihəsini dayandırmaqda tamamilə qərarlıdır. “Çünki bu layihənin məqsədi Ermənistanın Sünik vilayətinə nəzarət etmək, həmçinin Azərbaycan vasitəsilə Türkiyəni Xəzər dənizinə birləşdirmək və İranla Rusiya arasında əlaqəni kəsməkdir”.
2) Mənbə hazırda Ermənistan və Azərbaycanla sərhədlərdə 100 mindən çox İran əsgərinin olduğunu və ermənilərin özlərini müdafiə edə, Sünik üzərində nəzarətin itirilməsinin qarşısını ala bilməyəcəyi təqdirdə müdaxilə etməyə hazır olduqlarını vurğulayıb.
3)Bununla yanaşı Müdafiə Nariliyinin sızdırmasında deyilir ki, minlərlə iranlı erməni də Ermənistan ordusunun tərkibində döyüşməyə hazırdır.
Beləliklə, ilk dəfədir ki, İranın rəsmi qurumu Ermənistana açıq hərbi dəstək göstərildiyini etiraf edir. Üstəlik, erməni ordusunun tərkibində döyüşəcək minlərlə İran vətəndaşı hazırlandığı haqda təhdid səsləndirilir. Hərçənd onların erməni əsilli olduğu deyilsə də, bu, İranın savaşa dolaysı ilə qoşulması üçün istifadə oluna biləcək aldadıcı gedişdir. Bir müddət əvvəl İranın Azərbaycanla Ermənistan arasında mümkün toqquşmalarda iştirak ssenarilərinin müzakirə olunduğu, ssenarilərdən birinin də erməni orusunun tərkibində ekspertlər və hərbi təlimatçılar vasitəsilə iştirak olduğunu yazmışdıq. Görünür, həmin ssenariyə indi bu şəkildə düzəliş edilib. Lakin hələ ki İran rəsmi mediası və bizdəki iranpərəstlər inadla Tehranın Ermənistana birbaşa dəstəyini inkar etməkdədirlər. Azərbaycan üçün bu təhdidlər əhəmiyyətsizdir; bizim ordu əslində həmişə erməni ordusu adı altında gizlənmiş üçüncü qüvvələrlə döyüşüb və qalib gəlib.Ardıcıl sızdırmaların , təhdidlərin bir məqsədi də Azərbaycanı yanlış qərarlar qəbuluna məcbur etmək, İranın bu və ya digər addımlarına bəhanə əldə etmək ola bilər.
Yada salaq ki, bir neçə gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyan hökumət iclasında çıxışı zamanı İranın onlara silah verməsini, hərbi texniki yardımını təkzib etmiş, bu xəbərləri Azərbaycanın apardığı informasiya siyasəti adlandırmışdı.Odur ki, İran Müdafiə Nazirliyinin bu sızdırması həm də Paşinyanı çıxılmaz vəziyyətə salır.
Cəmaləddin Quliyev