Bakıdakı Yeni Həyat kompleksində xoşagəlməz hadisə baş verib.
 
Binəqədi Rayon Məhkəməsinin hakimi olduğu bildirilən Zamiq Bağırov binanın liftinin düyməsini qırıb. 
 
Yayılan görüntülərdən onun liftin düymələrini sındırdığını görmək mümkündür. Həmin şəxsin hadisəni hansı səbəbdən törətdiyi hələ ki, məlum deyil.
 
Qeyd edək ki, Zamiq Bağırov cari ilin yanvarın 12-də Prezidentin sərəncamı ilə sözügedən vəzifəyə təyin olunub.
 
Z.Bağırovun yaxınları  bildirib ki, o, 15 günə yaxındır ki, səhhəti ilə əlaqədar bülletendədir və hadisə onun işdə olmadığı müddətdə baş verib.
 
Bildirilib ki, Z.Bağırovun yaşadığı yaşayış kompleksinin liftinin fəaliyyəti komendantlığın qərarı ilə bir müddət əvvəl dayandırılıb. Bir qrup sakinlərin təyin edilmiş kommunal ödənişləri etməməsi səbəbindən bina rəhbərliyi təzyiq vasitəsi kimi lifti söndürüb. Buna etiraz olaraq kommunal ödənişi edən sakinlər Xətai Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə liftin fəaliyyətinin kommunal borca görə dayandırılmaması ilə bağlı qətnamə çıxarıb. Bundan sonra Z.Bağırov, eləcə də digər sakinlər məhkəmə sənədini komendantlığa təqdim etsə də, liftin fəaliyyəti bərpa edilməyib. Nəhayət Z.Bağırov əsəbi şəkildə liftə daxil olaraq idarəetmə panelinə ziyan vurub.
 
Vəkil Hikmət Əliyev “Qafqazinfo”ya deyib ki, ümumiyyətlə, həmin binaya girişlə bağlı qanunsuz müdaxilələrə görə, başqa şikayətlər də var. Hazırda həmin şikayətlər üzrə də məhkəmə çəkişmələri davam edir.

Baxış sayı: 7380 | Tarix: 12.06.2023
Bizi Telegramda izləyin: @repostaz