Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycanın dövlət sərhədinin pozulması ilə bağlı cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktına dair Baş Prokurorluğun İstintaq idarəsində aparılan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla Ermənistan Respublikasının vətəndaşları olan erməni hərbi qulluqçuları – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cari il mayın 26-sı saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz əldə etdikləri odlu silah və döyüş sursatları ilə Dövlət Sərhəd Xidmətinin Zəngilan sərhəd dəstəsinin xidmətdə olan hərbi qulluqçularına qarşı zor tətbiq etməklə qanunsuz keçərək, odlu silah və döyüş sursatlarını qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Zəngilan rayonunun Rəzdərə kəndinə keçirməklə ölkəmizdə terror aktı törədəcəkləri ilə hədələmələri, bu məqsədlə Azərbaycan Respublikasının Zəngilan rayonu Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Azərbaycan Respublikasının hərbi hissəsinin hərbi qulluqçularına silahla atəş açaraq hücum etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
İstintaqla, həmçinin, müəyyən edilmişdir ki, ordumuzun hərbi qulluqçuları tərəfindən hücumlarının qarşısı qətiyyətlə alınaraq qaçmağa çalışan erməni diversiya qrupunun adları qeyd olunan üzvləri saxlanılan zaman Ovagimyan Arutyun Yurikoviçdən cinayətin aləti olan 1 ədəd “Kalaşnikov” markalı “AKM” modelli odlu silah və içərisində 10 ədəd 5.45 mm kalibrli döyüş patronları olan 1 ədəd daraq götürülüb.
Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə yekun ittihamlar elan edilərək cinayət işi 21 iyun 2023-cü il tarixdə baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilib.