Qız qaçırmaqda ittiham edilən Ağcabədi rayon sakinləri – 1994-cü il təvəllüdlü Sadiq Fərzəliyev, 1980-ci il təvəllüdlü Samir Kazımov, 1986-cı il təvəllüdlü Namiq Əhmədov və Bəhruz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
RePost.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Sadiq Fərzəliyev yaşadığı Ağcabədi rayonun Şənlik kəndində həmkəndlisi, 2001-ci il təvəllüdlü Sara Mehdiyevanı (ad və soyad şərti verilib – H. Z.) evlənmək məqsədilə qaçırıb.
Ona bu işdə bacısının əri Samir Kazımov, tanışları - Namiq Əhmədov və Bəhruz Abdullayev köməklik göstəriblər. Hadisə 12 oktyabr 2015-ci il tarixdə baş verib. Həmin vaxt Sara Mehdiyeva orta məktəbin 9-cu sinfində oxuyub.
Kənd sakini Sadiq Fərzəliyev əvvəlcədən planlaşdırlmış şəkildə yaxın dostları Bəhruz Abdullayev, Samir Kazımov və Namiq Əhmədovla əlbir olaraq məktəbdən çıxıb evə gedən Sara Mehdiyevanı zorla avtomobilə mindirərək qaçırıblar.
Sara Mehdiyevanın Sadiq Fərzəliyev və digərləri tərəfindən oğurlanması barədə polisə şikayət edilib. Şikayət əsasında qız onlardan alınaraq ailəsinə təhvil verilib.
“Anası bu evliliyə razı olmadı”
Sadiq Fərzəliyev, Samir Kazımov və Namiq Əhmədov Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu), Bəhruz Abdullayev isə 32.5,144.3-cü (adam oğurluğunda iştirakçılıq) maddələri ilə ittiham ediliblər.
Onların barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.
Məhkəmədə ifadə verən Sadiq Fərzəliyev özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O, bildirib ki, hadisəyədək Sara Mehdiyevanı həmkəndlisi kimi tanıyıb, onunla şəxsi münasibətləri olmasa da, evlənmək istəyib: “Bu məqsədlə, təxminən 2015-ci ilin aprel ayında anama fikrimi bildirdim. Sonra anamı Saragilə elçiliyə göndərdim. Lakin Saranın anası bu evliliyə razı olmadı. Səbəb kimi Saranın hələ orta məktəbdə oxumasını göstərdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan bir müddət keçdikdən sonra Saranı evlənmək məqsədi ilə qaçırmağı qərara alıb: “Lakin bunu etmək üçün mənə avtomaşın və kömək gərək oldu. Həmkəndlim Bəhruz Abdullayevin avtomobili olduğundan ona müraciət etdim. Bəhruz qızı qaçırmaqda köməkliyə razı olsa da, bunu onun maşını ilə deyil, Ağcabədi şəhərində yaşayan xalası oğlu Namiq Əhmədovun avtomobilində etməyi təklif etdi. Çünki Saragil onu və avtomobilini tanıyırdılar. Bəhruz Namiqi razı salmağı öz öhdəsinə götürdü”.
“Saranı qaçırmağa razılaşdı”
Sadiq Fərzəliyev bildirib ki, 12 oktyabr 2015-ci ildə, saat 14 radələrində Bəhruz Abdullayev onunla görüşüb: “Bəhruz dedi ki, hər şey qaydasındadır və yanımda Namiq Əhmədova zəng etdi, mənim üçün qız qaçırmaq istədiyimizi bildirdi, ona öz avtomobili ilə Saranı qaçırmağa köməklik etməyi təklif etdi. Namiq Bəhruzdan barəmdə soruşduqda, axırıncı məni yaxını kimi təqdim etdi. Namiq də razılaşdı, ertəsi gün gələcəyini vəd etdi. Bu zaman Namiqə təklif etdik ki, gələndə öz avtomobilinin nömrəsini açsın ki, bizi tapa bilməsinlər. Sonra bacımın əri Samir Kazımova zəng etdim. Ondan Saranın qaçırılmasında kömək etməsini xahiş etdim. Samir də razılaşdı”.
Sadiq Fərzəliyev bildirib ki, həmin gecə Samir Kazımov onlara gəlib və sonra birlikdə kəndin mərkəzində Bəhruzla görüşüb, Saranın qaçırılmasını bir daha birlikdə müzakirə ediblər: “Belə razılaşdıq ki, Bəhruz bizdən əvvəl gəlib məktəbin qarşısında dayanacaq, Sara dərsdən çıxan kimi bizə telefonla məlumat verəcək, biz də Saranı qaçıracağıq”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, oktyabrın 13-də, saat 9 radələrində Bəhruz xalası oğlu Namiqin idarə etdiyi“Daevoo Nexia” markalı avtomobillə onlara gəlib: “Həmin vaxt yeznəm Samir bizdə olub. Birlikdə evdən çıxdıq və Namiqin idarə etdiyi avtomobilə əyləşdik. Sonra Bəhruzgilin evlərinə gəldik. Həmin vaxt Bəhruz evdə olmadı. Onu örüş sahəsindən götürdük və saat 12 radələrində onun evinə qayıtdıq. Bəhruz evlərində paltarını dəyişdi. O, sonra mobil telefonunu götürərək məktəbin qarışısına gedib Sara məktəbdən çıxanda bizə xəbər verəcəyini söylədi. Bildirdi ki, Sara məktəbdən çıxanda bizə zəng edəcək və əlini yuxarı qaldıranda yolu bir tərəfdən digər tərəfə keçməklə işarə edəcək. Bundan sonra biz Saranı götürə bilərik. Bu qaydada razılaşdıqdan sonra Bəhruz piyada, mən isə Namiqin idarə etdiyi avtomobildə Samirlə birlikdə Saranın oxuduğu məktəbin yaxınlığına gəldik”.
“Avtomobili onların qarşısında saxladı”
Sadiq Fərzəliyev bildirib ki, saat 13 radələrində Bəhruz zəng edərək Saranın məktəbdən çıxdığını dedi: "Bundan sonra Namiq avtomobili məktəbə tərəf sürdü. Təxminən 50-60 metr getdikdən sonra Saranı yanında məktəbli qızla gördüm. Namiqə işarə verdim, o da avtomobili onların qarşısında saxladı.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman Samirlə avtomobildən düşüb, təxminən 4-5 metrlikdə olan Saraya tərəf qaçaraq onun qolundan tutub və avtomobilə aparıblar: “Sara qışqıraraq müqavimət göstərdi. Bunun üçün onu güclə dartaraq maşına oturtmalı oldum. Saranı arxa oturacağa əyləşdirdim, sonra Samirlə birlikdə onu tutaraq saxladıq ki, qaçmasın. Sara bir qədər qışqırdı, onu buraxmağımızı tələb etdi, ayağı ilə avtomobilin arxa şüşəsinə vurdu. Buna baxmayaraq ona maşından çıxmasına imkan vermədik. Həmin vaxt Sara yaşı barədə bizə heç nə deməyib”.
Sadiq Fərzəliyev qeyd edib ki, qızı Ağdamın Əfətli kəndinə, orada yaşayan qohumunun evinə aparıblar: “Həmin vaxt qohumum Nargilə evdə olmayıb. Qohumum gələndən sonra qızı göstərərək onunla evlənəcəyimi bildirdim. Qohumumdan Saranı bir müddət evlərində saxlamağı xahiş etdim. Qohumum əvvəlcə tərəddüd etdi, sonra Saranı evlərinə apardı”.
“Bildim ki, Saranın 13 yaşı varmış”
Nargilənin sözlərindən bildim ki, Saranın 13 yaşı varmış. Əvvəl inanmadım və Saranın özündən soruşdum. Sara da 13 yaşı olduğunu təsdiq etdi. Təxminən saat 22 radələrində atam Rasim anam Cəmilə ilə birlikdə Nargilənin evinə gəldi, onlar Saranın anasının polisə şikayət etdiyini bildirdi. Dedilər ki, Saranın 13 yaşı olduğu üçün onların evlənməsi baş tuta bilməz və onu valideyninə qaytarmaq lazımdır. Mən də etiraz etmədim və valideynlərim Saranı götürərək özləri ilə apardılar. Sonra Saranı anasına verdilər. Törətdiyim əməldən peşmanam. Gəncliyimin, həmin əməli evlənmək məqsədi ilə törətməyimi nəzərə alınmasını xahiş edirəm”.
“Məni avtomobilə sarı dartdılar”
Zərərçəkmiş Sara Mehdiyeva ifadəsində bildirib ki, qardaşı ilə birlikdə anasının himayəsində Ağcabədi rayonunun Şənlik kəndində yaşayır: “Əvvəllər Sadiq Fərzəliyev ilə heç bir münasibətim, hətta tanışlığım belə olmayıb. Lakin təxminən 2015-ci ilin iyulunda eşitmişəm ki, Sadiqin anası Cəmilə mənə elçiliyə gəlib, lakin anam azyaşlı olduğumu bildirib, məni Sadiqə ərə verməyə razı olmayıb. Oktyabrın 13-də oxuduğum Şənlik kənd orta məktəbində dərsdən çıxdım. Sinif yoldaşlarım ilə birlikdə evimizə piyada yollandım. Məktəbdən çıxanda iki nəfər tanımadığım şəxs qollarımdan tutaraq zorla avtomobilə otuzdurdular. Bu zaman qışqıraraq onların əlindən çıxmaq istədim, amma gücüm çatmadı”.
Sara Mehdiyevanın sözlərinə görə, onu qaçıranlar sakitləşmədiyini görüb arxa oturacağın ayaqaltına uzadıblar: "Ağzımı biri, ayaqlarımı isə digəri tutdu. Avtomaşına əyləşdirən kimi sonradan tanıdığım Sadiq Fərzəliyev sükan arxasında olan sürücüyə sürətlə sürməyi tapşırdı. O da avtomobili oradan sürdü. Qışqıraraq məni buraxmağı tələb etdim, ayaqlarım ilə arxa qapıların şüşəsinə vurdum, şüşəni sındırmaq istədim. Bunu görən həmin şəxslər sakitləşməyəcəyim təqdirdə ağzımı "skoç"la bağlayacaqları ilə hədələdi. Lakin məni hara və nə üçün apardıqlarını demədilər. Ağlayaraq onlardan məni hara apardıqlarını soruşdum, məni buraxmalarını xahiş etdim. Bildirdim ki, orta məktəbdə oxuyuram, 13 yaşım var, anam məni gözləyir. Lakin nə Sadiqlə yanındakı, nə də ki, sürücü buna əhəmiyyət vermədi. Məni hara aparılmağımı da bildirmədilər”.
“Ağlayıb-yalvarmağım təsir etmədi”
Sara Mehdiyeva qeyd edib ki, təxminən yarım saat yol getdikdən sonra avtomobil bir kənd evi olan həyətə daxil olub: “Sadiq kiməsə zəng etdi və həyətdə olduğunu bildirdi, sonra Nargiləni soruşdu. Anamın məni axtaracağını dedim, ağlayaraq həmin şəxslərdən məni evimizə qaytarmağı xahiş etdim. Bir daha azyaşlı olduğumu onlara xatırlatdım, arxadakılar məktəblik çantamı sürücüyə verdilər. Dedilər ki, yoxlasın görsün içində mobil telefon varmı. Həmin sürücü, yəni sonradan Namiq Əhmədov olduğunu bildiyi şəxs də çantamı açdı, içindəki kitab-dəftərlər çıxardı. Gördü ki, telefonu yoxdur. Həmin vaxt bu şəxslərin özləri də kitablarının 9-cu sinif dərslikləri olduğunu gördülər, bildilər ki, həqiqətən 9-cu sinif şagirdiyəm. Lakin nə bu, nə də ağlayıb-yalvarmağım onlara təsir etmədi. Sonra Namiq siqaret çəkmək adı ilə maşından çıxdı, kənara çəkildi. Sadiqlə Samir məni avtomobildə saxladılar. Məni kimsə eşitməyəcəyini gördükdə, daha qışqırmadım, yalnız ağladım”.
Zərərçəkmişin ifadəsinə görə, təxminən 10 dəqiqə sonra Nargilə gəlib: "Sadiq məni avtomobildən düşürdü, məni qaçırdığını Nargiləyə bildirdi. Nargilə də məni evə apardı. Evdə tanımadığım, lakin sonradan Nargilənin eltiləri olduğunu bildiyim daha 2 qadın vardı. Nargilə məni ayrı otağa apardı. Məni qaçıranın qohumu Sadiq olduğunu, bunu evlənmək məqsədi ilə etdiyini bildirdi. Nargiləyə 13 yaşım olduğunu, evlənmək yaşında olmadığımı dedim, anama xəbər verməyi xahiş etdim. Nargilə mənə inanmadı, gözləməyi məsləhət gördü. Bundan sonra yanıma Bahar adlı qız gəldi. O, məni sakitləşdirməyə çalışdı. Bahardan anama zəng etmək üçün mobil telefon istədim. Lakin Bahar telefonu olmadığını dedi”.
Sara Mehdiyeva qeyd edib ki, təxminən saat 15 radələrində Nargilənin əri Teyyub adlı şəxs gəlib və ondan kimliyi ilə maraqlanıb: “Teyyuba özüm barədə ətraflı məlumat verdim, ondan telefon istədim. Teyyub da məndən səbrli olmağımı xahiş edərək getdi. Təxminən saat 23 radələrində Teyyub qayıdaraq bildirdi ki, məni anama təhvil verəcəklər. Bundan sonra Sadiqin atası Rasim və anası Cəmilə otağa daxil oldular. Bildirdilər ki, məni aparıb polisə təhvil vermək üçün gəliblər və xahiş etdilər ki, Sadiqdən şikayət etməyim. Yalandan şikayət etməyəcəyimi dedim. Sonra Nargilə anama telefon zəngi edərək bildirdi ki, məni polisə təhvil verməyə aparırlar. Daha sonra məni evdən çıxardılar. Bu zaman Sadiq gələrək valideynlərinə bildirdi ki, məni qaytarsalar özünü öldürəcək. Lakin anası Cəmilə ona bildirdi ki, məni qaytarmalıdırlar, çünki azyaşlıyam. Sonra Cəmiləgil məni həmkəndlisi Qafar adlı şəxsin avtomaşınında Ağcabədi rayon polis şöbəsinə gətirdilər, orada anama təhvil verdilər”.
Hökm: məktəblini qaçıranlara cəza verildi
Sara Mehdiyeva qeyd edib ki, polis şöbəsində izahat alındıqdan sonra evlərinə gedib: “Oktyabrın 14-də məhkəmə-tibb eksperti tərəfindən müayinə olundum. Bu zaman hadisə vaxtı aldığım sağ qolumda və kürəyimin sağ nahiyəsində olan qansızmalar aşkar edildi. Həmin xəsarətlər məni qollarımdan tutub zorla avtomaşının ayaqaltısında saxlayarkən Sadiqlə Samir tərəfindən yetirilib”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq Fərzəliyev 12 il 6 ay, Samir Kazımov 11 il, Namiq Əhmədov 10 il, Bəhruz Abdullayev 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini xahiş ediblər. Həmçinin prokurorluq apelyasiya protesti verib. Prokurorluq təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.
Tərəflərin şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.
Hökm ləğv edildi, qız qaçıranlara azadlıq verildi
Məhkəmə kollegiyası həm prokurorluğun protestinin, həm də təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin dəlillərini araşdırıb. Sonda hakim heyəti qərar elan edib.
Məhkəmə prokurorluğun protestini təmin etməyib. Təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, təqsirləndirilən şəxslərin barəsində yeni hökm çıxarılıb.
Sadiq Fərzəliyev, Samir Kazımov, Namiq Əhmədov və Bəhruz Abdullayevin cinayət məsuliyyətindən azad olunması barədə hökm elan edilib. Hökmə əsasən, Sadiq Fərzəliyev, Samir Kazımov, Namiq Əhmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 144.3-cü, Bəhruz Abdullayevin ittiham olunduğu 32.5,144.3-cü maddələri cinayət işi üzrə icraata xitam verilib.
Məhkəmə Sadiq Fərzəliyev, Samir Kazımov, Namiq Əhmədov və Bəhruz Abdullayevin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
RePost.Az