Avqustun 19-da ailə üzvləri Bakı İstintaq Təcridxanasında həbsdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu ilə görüşüb.
 
Bu barədə onun qardaşı Qalib Toğrul məlumat verib.
 
“Həbsinin 28-ci günündə, nəhayət ki, Qubad İbadoğlunun ailə üzvləri ilə görüşü baş tutub. Görüş üzbəüz deyil, “məhbəs içində məhbəs rejimində” – şüşə arxasından telefonla ünsiyyət  yaratmaqla gerçəkləşib. İlkin təəssüratlarımız qorxuludur: Qubad müəllim kəskin şəkildə arıqlayıb, sifətinin rəngi təbii deyil. Həbsxanada yeni xəstəliklər “qazanan” qardaşım qalxanabənzər vəzdə düyünlərin əmələ gəlməsindən, böyrəklərin funksiyalarının pozulmasından, öddə və mədəaltı vəzdə gedən neqativ proseslərdən əziyyət çəkir. Qardaşım danışarkən onda nevrozun əlamətləri hiss olunur. Həbsdə olduğu 28 gündə qan təzyiqi, ürək döyüntüsü və şəkəri bir gün belə normallaşmayıb. Bütün bu səbəblərdən aortanın anevrizmasında reqresi (geri dönüşü) mümkün olmayan proqres davam edir”, – o bildirib.
 
Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
 
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
 
Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

Baxış sayı: 7722 | Tarix: 21.08.2023
Bizi Telegramda izləyin: @repostaz