“Humanitar karvan Ağdam-Xankəndi yolu ilə hərəkət edəcək”.
Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan deyib.
“Bizim Qızıl Aypara Cəmiyyətinin rəhbər işçiləri və könüllüləri səfərbər olublar. İlkin mərhələdə 40 ton un məmulatlarının göndərilməsi nəzərdə tutulub. Təbii ki, bundan başqa da ləvazimatlar, əməkdaşlarımızın fəaliyyəti üçün çadırlar, texniki vasitələr nəzərdə tutulub. Orada gedən proseslərə diqqətlə yanaşacağıq. Bu, bir nümayişdir. İnanıram ki, bu addım həm ictimaiyyət, həm beynəlxalq aləmdən, həm də Xankəndidə məskunlaşmış erməni əhali tərəfindən də müsbət qarşılanacaq”, - Novruz Aslan deyib.
Sədr bildirib ki, Qızıl Aypara Cəmiyyəti qeyri-siyasi, qeyri-hökumət təşkilatıdır.
“Biz heç bir siyasi prosesə qoşulmamışıq, qoşulmuruq və bundan sonra da qoşulmayacağıq. Ümid edirəm ki, bu hərəkatımız bütün sferalarda müsbət qarşılanacaq. Qiymətləndirilmələr aparılacaq. Ehtiyac olduğu təqdirdə daha sonra da yardımlar göndərilə bilər”, - sədr əlavə edib.