Türkiyənin Zəfər Günü milli bayramı münasibətilə Bakıda Türk Şəhidliyi abidəsi ziyarət olunub.
 
Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, həmçinin burada fəaliyyət göstərən türk şirkətlərinin nümayəndələri və azərbaycanlı ictimai xadimlər iştirak edib.
 
İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
 
Türkiyə səfiri Cahit Bağçı çıxış edərək Mustafa Kamal Atatürkün idarəçiliyində türk əsgərlərinin qəhrəmanlığından danışıb, şəhidlərin ruhunu yad edib və Zəfər gününün əhəmiyyətini diqqətə çatdırıb.
 
Sonda şəhid məzarları və Türk şəhidliyi abidəsi önünə gül və əklil qoyulub.
 
Qeyd edək ki, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur.
 
Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir. İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub. Avqustun 30-u həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.

Baxış sayı: 7076 | Tarix: 30.08.2023
Bizi Telegramda izləyin: @repostaz