Sentyabr ayının 6-da Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması qrupda son oyununu keçirib.
İsveçrə üzərində 8-2,5 hesabla inamlı qələbə qazanan millimiz qrupu birinciliklə bitirərək yarımfinal mərhələsinə adlayıb. Qollardan 3-nü kapitan Elçin Camallı, 1-ni Tərlan Qurbanəliyev, 3-nü Joakin Kopello və 1-ni isə Andres Liorente öz aktivinə yazdırıb. İlk iki hissədən sonra rəqibdən böyük hesabla irəlidə olan komandamızın ehtiyat heyətinin üzvlərinə də oyunda iştirak etmək şəraiti yaradılıb.
Yığmamız ilk oyunda İspaniyaya 6-5, ikinci oyunda son Avropa Çempionları İtaliyaya qarşı 6-1 və son qrup oyununda isə İsveçrəyə 8-2,5 hesabı ilə qalib gələrək 20 dəqiq zərbə ilə ümumilikdə rəqib qapılarında ən çox top keçirən komandadır. Millimizin kapitanı Elçin Camallı isə şəxsi qol hesabına uyğun olaraq ümumilikdə 9 qolla alman Anton Qraboş və ispan Mario Qomezlə bombardirlər siyahısında birinci yeri bölüşür.
Çempionatın favoritlərindən hesab olunan Azərbaycan yığmasının yarımfinaldakı rəqibi 7 sentyabr tarixində Almaniya, Avstriya, Hollandiya və İngiltərənin iştirak etdiyi digər qrupda keçiriləcək son turun oyunlarından sonra müəyyən olunacaqdır.
Turnirin yarımfinal oyunları 9 sentyabr və final oyunu isə 10 sentyabr tarixində keçiriləcəkdir.