8 rus hərbçisini öldürməyə görə işdən çıxarılan korpus komandirinin kimliyi bilinib.
 
Musavat.com-un apardığı araşdırmalara görə bu, MN 1-ci Korpusun komandiri Qiyas Abbasovdur.
 
Bəlli olub ki, Azərbaycan tərəfə sürətlə hərəkət edən Rusiya sülhməramlılarının maşınını səhvən erməni avtomobili sayaraq, atəş altına alan əsgərlər onun tabeçiliyində xidmət göstərib.
 
Qiyas Abbasov Vətən müharibəsində yaxşı nəticələr göstərən Hikmət Həsənovun yerinə həmin vəzifəyə təyin olunub. 23 saatlıq antiterror tədbirlərində və ondan da əvvəl yetərsiz fəaliyyət göstərdiyi iddia edilir.
 
Qeyd edək ki, polkovnik Abbasov Qiyas Abbas oğlu, 19.12.1975-ci il tarixində Ağcabədi rayon Poladlı kəndində anadan olub. Aprel döyüşlərinin iştirakçılarındandır. Sentyabr ayının 27-dən Cəbrayıl, Zəngilan, Şuşa, Laçın və Hadrut uğrunda gedən döyüşlərdə torpaqların azad edilməsində iştirak edən polkovnik Q. Abbasov, Ali Baş Komandanın sərəncamı ilə «Vətənə xidmətə görə» ordeni, «Vətən uğrunda», «Cəbrayılın alınması uğrunda» və «Zəngilanın alınması uğrunda» medalları ilə təltif olunub.
 
O, 2021-ci ildə general Hikmət Həsənovun yerinə 1-ci korpusa komandan təyin olunub.
 
O, bundan əvvəl 3-cü ordu korpusunun komandan müavini vəzifəsində çalışıb.
 
Qiyas Abbasovun adı "Tərtər işi"ndə də hallanıb. Məhkəmələrin birində zərərçəkmiş şəxs qismində dindirilmiş Elmar Saleh oğlu Allahverdiyev deyib ki, 2016-cı ilin mayında xidmətdə olduğu hərbi hissənin komandiri Qiyas Abbasov onun kapitan rütbəsinin təqdimatını dayandırıb. Komandirdən bununla bağlı səbəb soruşduqda o, Seysulan istiqamətində baş verən uğursuzluğun səbəbkarının onun bölməsi olduğunu deyib. O, hansı səhvə yol verdiyini soruşanda, komandir bildirib ki, Seysulan istiqamətində kəndin sol cinahı istiqamətində keçid ərazisi minadan təmizləndiyi halda və həmin yerdən düşmən mövqelərinə keçməyə imkan olduğu halda bunu etməyib. Onu da bildirib ki, həmin yer minadan təmizlənməyib və dərhal həmin yerə baxış keçirilməsini tələb edib. Tələbi qarşısında Qiyas Abbasov çıxılmaz vəziyyətə düşdüyünə görə həmin yerə baxış keçirilib və müəyyən edilib ki, ərazi minalanmış vəziyyətdədir. Lakin bununla bağlı heç kimə heç bir söz deyilməyib və araşdırma aparılmayıb. Çünki komandir özü yuxarı rəhbərliyə uğursuzluğun səbəbini başqa cür, yəni yalan məruzə edib. Belə olan halda Qiyas Abbasov ona bildirib ki, o, döyüş əməliyyatları zamanı sol cinahdan sağ cinaha özbaşına keçib, bununla da döyüş planını pozub.
 
Onu da bildirək ki, hadisə zamanı Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandan müavini İvan Kovqan da həlak olub. 

Baxış sayı: 3846 | Tarix: 21.09.2023
Bizi Telegramda izləyin: @repostaz