Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov avtoqəzaya düşüb.  RePost.Az-ın "musavat.com"a istinadla verdiyi məlumata görə, başçının olduğu avtomobildə özündən başqa iki oğlu da olub. Sükan arxasında isə sürücü deyil, icra başçısının köməkçisi olub. 
 
Lakin dəhşətli qəza dərhal ört-basdır edilib. Qəza anından az sonra ərazidən keçənlər icra başçısının olduğu “Toyota Land Cruiser” markalı maşının foto və videosunu da çəkə biliblər. Bu haqda redaksiyaya daxil olan xəbərdə deyilir ki, qəza martın 25-də, Şəmkir Su-Elekrik Stansiyasından rayon mərkəzinə gedən yolun Yeniabad kəndi ərazisindən keçən hissəsində, günorta 2-3-də radələrində baş verib.
 
A.Məmmədovun köməkçisi Mahir Əliyev İstiPress-ə açıqlamasında icra başçısının və övladlarının qəzaya uğraması barədə yayılan məlumatları yalan adlandırıb. Onun sözlərinə görə, nə martın 25-də, nə də sonrakı günlərdə belə bir hadisə baş verib. 
 
Qəza baş verən zaman maşını idarə etdiyi iddia edilən köməkçinin sözlərinə görə, xidməti maşın hazırda İcra Hakimiyyətinin həyətindədir. “Bu bizim maşın deyil. Fotosu yayılan maşından bir dənə olsaydı, siz deyən olardı. Maşınımız hazırda xidməti ərazisindədir”.
 
Maraqlıdır ki, icra başçısının köməkçisi əvvəl maşının fotosunu göndərə biləcəyini desə də, sonradan bu fikrindən daşınıb.  
 
Qeyd edək ki, hadisə şahidləri köməkçisi Mahir Əliyevin idarə etdiyi Az 57 AA 001 dövlət nömrə nişanlı, qara rəngli “Toyota Land Cruiser” markalı avtomobil qəfil və yüksək sürətlə qarşı yola çıxdığını bildiriblər. Həmin vaxt qarşı yolda Mingəçevirin Əzizbəyov küçəsi 12 ünvanında qeydiyyatda olan 1947-ci il təvəllüdlü Həsən Əvkər oğlu Hüseynov özünə məxsus “Qaz-31" markalı avtomobillə hərəkətdə imiş. H.Hüseynovun sükan arxasında professional davranışı dəhşətli qəzanın ölümsüz sonuclanmasına səbəb olsa da, onun özü ağır bədən xəsarətləri alıb. Dəhşətli toqquşma anında başçının olduğu maşında təhlükəsilzik yastıqları açıldığından A.Məmmədov, iki övladı və köməkçisi yüngül əzilmələrlə canlarını qurtarıblar. 
 
Verilən məlumatda qeyd olunur ki, A.Məmmədovun göstərişi ilə qəza digər avtomobilin sürücüsü - yəni H.Hüseynovun xətası üzündən baş verdiyi kimi rəsmiləşdirilib.
 
RePost.Az

Baxış sayı: 4207 | Tarix: 03.04.2017
Bizi Telegramda izləyin: @repostaz