Qarabağda törətdikləri cinayətlərə görə tutulan erməni separatçılarına ailələri ilə əlaqə imkanı yaradılıb.
 
Bu barədə “Alpha News” “Hayastan” fraksiyasının deputatı Geqam Manukyana istinadən məlumat yayıb.
 
Deputatın sözlərinə görə, qardaşı, qondarma "Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının sabiq birinci müavini" Davit Manukyan iki gün əvvəl övladları ilə əlaqə saxlayıb.
 
Eyni zamanda qondarma rejimin "prezidentləri", eləcə də 2015-2018-ci illərdə “müdafiə naziri” olmuş Lyova Mnatsakanyana yaxınları ilə əlaqə imkanı yaradılıb.
 
Qeyd edək ki, ötən gün separatçıların sabiq “dövlət naziri” Ruben Vardanyanın oğlu da açıqlama verərək, atasının ailəsi ilə əlaqə saxladığını deyib. O, atasının vəziyyətinin yaxşı olduğunu bildirib.
 
Əlavə edək ki, Davit Manukyan, Lyova Mnatsakanyan, Ruben Vardanyanla yanaşı, Qarabağdakı separatçılara başçılıq etmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və qondarma "parlament sədri" olmuş Davit İşxanyan Bakıda həbsdədir.

Baxış sayı: 6867 | Tarix: 13.10.2023
Bizi Telegramda izləyin: @repostaz